Rumıniyada yerləşən “Skarişoara” buz mağarasında aparılan tədqiqatlar zamanı alimlər 5 min illik buz qatlarında antibiotiklərə yüksək davamlılıq göstərən qədim bakteriya aşkar ediblər.
NTV xəbər verir ki, nəticələr beynəlxalq elmi jurnal olan “Frontiers in Microbiology”də dərc olunub.
Məlumata görə, molekulyar bioloqlar buz çöküntülərindən ayrılmış və Psychrobacter cinsinə aid olan mikroorqanizmin genomunu deşifrə ediblər. SC65A.3 indeksi ilə tanınan bu ştam mövcud on müxtəlif antibiotik növünə qarşı davamlılıq nümayiş etdirib. Alimlər müəyyənləşdiriblər ki, bakteriyanın DNT-sində antibiotikləri zərərsizləşdirməyə cavabdeh təxminən 100 gen mövcuddur.
Tədqiqatın müəlliflərindən biri, Rumıniya Elmlər Akademiyasının Biologiya İnstitutunun böyük elmi işçisi Kristina Purkaryanın sözlərinə görə, mikroorqanizm qədim mənşəli olmasına baxmayaraq, müasir və klinik praktikada geniş istifadə edilən ftorxinolon qrupuna daxil olan antibiotiklərə də davamlıdır. Onun fikrincə, buzlaqların əriməsi nəticəsində belə mikrobların və onların genetik materialının digər bakteriyalar arasında yayılması antibiotiklərə davamlılıq problemini daha da dərinləşdirə bilər.
“Skarişoara” mağarası Qərbi Rumıniyadakı Apuseni dağlarında dəniz səviyyəsindən təxminən 1,15 kilometr yüksəklikdə yerləşir. Mağarada temperatur daim aşağı olur və burada buz təbəqələrinin ən azı 13 min ildir, yəni son buzlaşma dövründən bəri mövcud olduğu bildirilir. Məhz bu sabit və ekstremal şərait mikroorqanizmlərin minilliklər boyu izolyasiya şəraitində qorunub saxlanmasına imkan verib.
Araşdırmalar göstərib ki, bakteriya yalnız antibiotiklərə davamlı deyil, eyni zamanda, bir sıra təhlükəli “superbakteriyaların”, o cümlədən xəstəxana mənşəli stafilokok, klebsiella və digər patogenlərin çoxalmasını ləngidə bilən maddələr də ifraz edir. Bu isə mikroorqanizmi alternativ antimikrob preparatların hazırlanması baxımından perspektivli tədqiqat obyektinə çevirir.
Qeyd edək ki, Rumıniyada aşkar edilmiş bu qədim bakteriya həm antibiotiklərə davamlılığın təkamül mexanizmlərinin öyrənilməsi, həm də yeni dərman strategiyalarının hazırlanması baxımından elmi ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edir.
