NTV-nin məlumatına görə, 2026-cı ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası (MR) İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 5 min 401 şəxs qəbul edilib.
Bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı suallar cavablandırılıb, vergi uçotu, qeydiyyat, bəyannamələrin qəbulu, cari vergi ödəmələri və digər istiqamətlər üzrə 8 min 747 xidmət göstərilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz çoxdur.
Ümumi xidmətlərin 90 faizini 9 əsas xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib. Bunlara bəyannamələrin və cari vergi ödəmələrinin hesablanması barədə arayışın təqdim edilməsi, sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzlərin verilməsi, fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması, uçot məlumatlarının dəyişdirilməsi, vergi ödəyicilərinə arayışların verilməsi, fəaliyyətin bərpası, uçotdan çıxarılma və əmək müqavilələri üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar daxildir.
Yanvar ayında vergi ödəyicilərinə 423 min 534 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Eyni zamanda, 12 görüş keçirilib, 46 ünvanlı xidmət göstərilib. Dövr ərzində daxil olmuş 438 müraciət əsasında ümumilikdə 744 sertifikat təqdim olunub.
