Özbəkistan və Böyük Britaniya çoxplanlı əməkdaşlığın daha da inkişaf etdirilməsi üzrə birgə yol xəritəsi qəbul etmək barədə razılıq əldə edib.
NTV Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, razılaşma dövlət başçısı Şavkat Mirziyoyev ilə Böyük Britaniyanın Mərkəzi Asiya və Azərbaycan üzrə ticarət elçisi Lord Con Olderdays arasında keçirilən görüşdə əldə olunub.
Görüş zamanı tərəflər ilk növbədə ticari-iqtisadi sahədə Özbəkistan-Böyük Britaniya qarşılıqlı faydalı tərəfdaşlığının daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Özbəkistana səfəri çərçivəsində ticarət elçisi həmçinin ölkənin Baş nazirinin müavini - iqtisadiyyat və maliyyə naziri Cəmşid Kuçkarovla görüşüb.
Tərəflər Özbəkistanla Böyük Britaniya arasında ticari-iqtisadi əməkdaşlığın hazırkı vəziyyətini, həmçinin onun daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
"Tərəflər nəqliyyat və logistika infrastrukturunun inkişafını, hava limanlarının modernləşdirilməsini, yaşıl enerjinin payının artırılmasını və dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin tətbiqinin genişləndirilməsini müzakirə ediblər. Görüşdə həmçinin dövlət şirkətləri və bankların islahatı, özəlləşdirmə proseslərinin sürətləndirilməsi və Özbəkistan şirkətlərinin beynəlxalq maliyyə bazarlarına, o cümlədən London Fond Birjasına çıxışı nəzərdən keçirilib", - Özbəkistan İqtisadiyyat Nazirliyinin məlumatında bildirilib.
