Qazaxıstan və Qırğızıstan liderləri iqtisadi-ticari, nəqliyyat, logistika və su-enerji sektorlarında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə ediblər.
NTV Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Qırğızıstan Prezidenti Sadır Japarov ilə telefon danışığı aparıb.
Qazaxıstan Prezidenti müntəzəm siyasi dialoq, hökumətlər və işgüzar dairələr arasında aktiv qarşılıqlı əlaqə sayəsində ikitərəfli münasibətlərdə müsbət dinamika müşahidə olunduğunu qeyd edib.
Dövlət başçıları dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda dövlətlərarası əlaqələrin daha da gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Kasım-Jomart Tokayev Qırğızıstan Prezidentinə Qazaxıstanda davam edən Konstitusiya islahatı barədə məlumat verib. Sadır Japarov Qazaxıstanda genişmiqyaslı islahatları dəstəklədiyini bildirib.
Qazaxıstan Prezidenti Bişkekdə keçiriləcək ŞƏT sammitinə və Dünya Köçəri Oyunlarına uğurlar arzulayıb.
Kasım-Jomart Tokayev, həmçinin Sadır Japarovun sosial birliyin qorunmasına və Qırğızıstan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş qərarlarını dəstəklədiyini bildirib.
