İqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin iqlim və ətraf mühit naziri Amna Al Dahakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən NTV-yə bildirilib ki, görüşdə ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə edilib.
Həmçinin görüşdə Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanıb. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, həmçinin bərpaolunan enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, nəqliyyat, logistika, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub.
Ölkələr arasında ticarəti daha da asanlaşdırmaq və liberallaşdırmaq, həmçinin qeyri-neft-qaz sektoru üzrə dövriyyəni artırmaq məqsədilə imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin iqtisadi əlaqələrin inkişafında önəmi nəzərə çatdırılıb.
Azərbaycanda yaradılan əlverişli investisiya mühiti vurğulanıb, iki ölkənin iştirakı ilə yaradılmış Birgə İnvestisiya Fondunun qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsində və maliyyələşdirilməsində rolu diqqətə çatdırılıb. Həmçinin “Masdar” şirkətinin Azərbaycanın bərpaolunan enerji sektoruna sərmayələrinin əhəmiyyətinə toxunulub.
Görüşdə dayanıqlı iqtisadi artıma xidmət edən birgə layihələr, səmərəli biznes həllərinin tətbiqi, karbon emissiyalarının azaldılması barədə müzakirələr aparılıb, Azərbaycan-BƏƏ şirkətləri arasında B2B görüşlərin işgüzar əlaqələrin genişlənməsinə, qarşılıqlı investisiya imkanlarının artmasına töhfə verdiyi qeyd olunub.
