NTV xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na dəyişiklik edilib.
Prezident İlham Əliyevin 2 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə Dövlət Proqramının bir sıra müddəaları yeni redaksiyada təqdim olunub, bəzi yarımbəndlər isə ləğv edilib.
Dəyişikliklər çərçivəsində Naxçıvanın coğrafi mövqeyindən istifadə etməklə regionda istehsal olunan məhsulların xarici və ölkədaxili bazarlara çıxışının sürətləndirilməsi nəzərdə tutulur. Yerli məhsulların rəqabətqabiliyyətliliyinin artırılması və daşıma xərclərinin optimallaşdırılması məqsədilə sahibkarlara məqsədli logistik dəstək mexanizmlərinin tətbiqi planlaşdırılır.
Sərəncamda bildirilib ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvanda istehsal olunan məhsulların quru yolu ilə ixracı üçün yeni imkanlar yaranacaq. Bu imkanlardan istifadənin stimullaşdırılması məqsədilə müxtəlif güzəştlərin tətbiqi məsələsinə ayrıca qiymətləndirmə aparılmaqla baxılacaq.
Həyata keçiriləcək tədbirlərin Naxçıvanda iqtisadi aktivliyin, məşğulluğun və ixracın artırılmasına, yerli istehsalın iqtisadiyyatda rolunun gücləndirilməsinə xidmət etməsi nəzərdə tutulur.
Dövlət Proqramının nəqliyyat sahəsinə aid müddəalarında da dəyişiklik edilib. Belə ki, əhalinin nəqliyyat infrastrukturuna və nəqliyyat xidmətlərinə əlçatanlığının artırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə AAYDA və AZCON-un icraçı qurumlar sırasındakı rolu dəqiqləşdirilib.
Təhsil sahəsində isə “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbləri” ifadəsi “təhsil müəssisələri” ilə əvəzlənib. Həmçinin sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və əhalinin fiziki fəallığının artırılması ilə bağlı yekun nəticələr yenilənib.
Sərəncamla yaşıllaşdırma və meşəsalma tədbirlərinin də əhatə dairəsi genişləndirilib. Yeni yanaşmaya əsasən, yaşıllıq sahələrinin və meşə ilə örtülü ərazilərin artırılması əsas nəticələrdən biri kimi müəyyənləşdirilib.
Bununla yanaşı, Dövlət Proqramının Tədbirlər Planında bir sıra yarımbəndlər ləğv olunub, bəzi tədbirlər üzrə əsas və digər icraçı qurumların siyahısına əlavələr edilib.
Sərəncamla Dövlət Proqramının “Akronimlər və ixtisarlar” hissəsindən “AZAL – Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti” ifadəsi də çıxarılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
