satellite   Azerspace-1: 11135 H 30000

Bu gün qızıl tenor Lütfiyar İmanovun 97 yaşı tamam olur

Bu gün qızıl tenor Lütfiyar İmanovun 97 yaşı tamam olur

 

Bu gün Azərbaycan musiqi sənətinin unudulmaz simalarından biri – SSRİ Xalq artisti, görkəmli tenor Lütfiyar İmanovun 97-ci doğum günüdür. O, təkcə vokal bacarığı ilə deyil, həm də səhnədə yaratdığı dərin obrazlarla tamaşaçıların yaddaşında silinməz iz qoyub.

Notlar üzərində ömür quran Lütfiyar İmanovun adı səhnəyə çıxdığı ilk gündən etibarən klassik musiqi sevərlərin diqqətini cəlb edib. Onun ifasında həm xalq musiqisinin ecazkar ruhu, həm də dünya operalarının zərif klassikası səslənirdi. 1959-cu ildə Moskvada Böyük Teatrda təqdim etdiyi Koroğlu obrazı sənətçinin tanınmasında dönüş nöqtəsi oldu.

Operamızın ulduzu “Sevil”də Balaş, “Vaqif”də eyniadlı qəhrəman, “Nərgiz”də Əlyar, “Azad”da Ayaz kimi unudulmaz qəhrəmanlarla səhnəni fəth etdi. Onun yaratdığı hər obraz aktyor məharəti, emosional dərinlik və vokal gücü ilə tamaşaçını ovsunlayırdı. İmanovun dünya operalarında canlandırdığı Xoze, Otello, Faust və Radames kimi obrazlar isə onun beynəlxalq səviyyəli sənətkar olduğunu sübut etdi.

Lütfiyar İmanovun səhnə həyatı yalnız Azərbaycanla məhdudlaşmayıb. O, 1960-cı ildən başlayaraq dünyanın dörd bir yanında – Hindistandan Avropaya, Yaxın Şərqdən Uzaq Şərqə qədər saysız-hesabsız ölkədə Azərbaycan musiqisini layiqincə təmsil edib.

İmanovun repertuarı təkcə opera ilə məhdudlaşmayıb – o, romanslardan xalq mahnılarına qədər geniş musiqi spektrində çıxışlar edib. Musiqiyə olan sevgisi, sənətə sədaqəti və tükənməz enerjisi onun adını Azərbaycan musiqi tarixinin zirvəsinə yazıb.

Bu sənətkarın töhfələri müstəqil Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilib – o, “İstiqlal” ordeninə layiq görülüb.

Lütfiyar İmanov–səsi ilə sükutları oyadan, səhnədə əfsanəyə çevrilən bir ömür, bir irsdir.

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM