Qlobal neft bazarında təklif yenidən formalaşmağa başlayıb.
NTV “Reuters”ə istinadən xəbər verir ki, analitiklər və treyderlər mart ayından etibarən Yaxın Şərqdə gündəlik neft ixracının dayanmasına səbəb olan İran müharibəsinin başa çatmamasına baxmayaraq, yüksək qiymətlər fonunda tələbin azalmasının qlobal neft bazarında yenidən təklifin yaranmasına səbəb olduğunu bildirirlər.
2026-cı ilin əvvəlində qlobal neft bazarında təklifin tələbi üstələyəcəyi proqnozlaşdırılırdı. Lakin fevralın sonlarında İran müharibəsinin başlaması dünya tarixində ən böyük təchizat pozuntusuna səbəb oldu. Nəticədə, Yaxın Şərqdən neft ixracı azaldı və bazarda təkliflə bağlı əvvəlki proqnozlar öz qüvvəsini itirdi.
Bununla da banklar və dövlət qurumları yüksək qiymətlərin təsirini də nəzərə alaraq, 2026-cı il üzrə qlobal neft tələbinə dair proqnozlarını aşağı saldılar. Təchizatın bərpa olunduğu bir vaxtda tələbin zəif olması bazarda tarazlığın formalaşmasına kömək edir.
“JP Morgan” bankının hesabatına görə, Yaxın Şərqdən neft tədarükünün bərpası, digər ölkələrdə hasilatın artması və tələbin zəifliyi qlobal neft təklifinin yenidən istehlak həcmini üstələməsinə səbəb olub.
“Hesablamalarımıza görə, qlobal neft bazarında sentyabr ayında gündəlik 1,1 milyon barel, oktyabrda isə gündəlik 1,4 milyon barelə həcmində təklif yaranıb. Bu, ötən il qeydə alınmış gündəlik orta hesabla 1,3 milyon barel həcmindəki artıq təklifə demək olar ki, bərabərdir”, - deyə bankın məlumatında bildirilir.
Bankın məlumatına əsasən, oktyabr ayında qlobal xam neft idxalı 2025-ci ilin orta göstəricisini üstələsə də, tələb artımı təklifin artımından geri qalır.
İran müharibəsi sənayeləşmiş ölkələrin strateji neft ehtiyatlarından rekord həcmdə nefti bazara çıxarmağa vadar edib. Müharibə, eyni zamanda, kommersiya neft ehtiyatlarının azalmasına da səbəb olub.
Bununla belə, “Goldman Sachs” bankının hesablamalarına görə, İran müharibəsinin başlanmasından sonrakı aylarda əhəmiyyətli dərəcədə azalan qlobal neft ehtiyatlarının sentyabr-oktyabr aylarında daha da azalması müşahidə edilməyib.
Hər iki bank müharibənin ilk ayları ilə müqayisədə son aylarda Yaxın Şərqdən neft axınlarında artım qeydə alındığına diqqət çəkib.
Regiondan neft daşımalarının həcmi oktyabr ayında sentyabrla müqayisədə bir qədər azalıb. Sentyabr göstəricisi isə İran müharibəsi başlayandan bəri ən yüksək səviyyədə olub. Bununla belə, gəmi hərəkətini izləyən iki şirkət daşımalarla bağlı əlavə məlumatlar əldə olunduqca oktyabr ayının göstəricilərinə yenidən baxıla biləcəyini və onların artırıla biləcəyini əlavə edib.
Gəmi hərəkətini izləyən “Vortexa” şirkətinin ilkin məlumatlarına görə, Hörmüz boğazı ətrafında təhlükəsizlik risklərinin artmasına baxmayaraq, oktyabr ayında Körfəz ölkələrinin neft ixracı müharibədən əvvəlki səviyyənin təxminən dörddə üçü həcmində olub. Səudiyyə Ərəbistanı ixrac həcmlərini sabit saxlasa da, BƏƏ, Küveyt və Qətərin ixracında azalma müşahidə edilib.
“Vortexa”nın məlumatına əsasən, oktyabr ayında Körfəz ölkələrindən xam neft və kondensat ixracı gündəlik orta hesabla 14 milyon barel təşkil edib. Bu, müharibədən əvvəlki səviyyənin təxminən 86 faizinə bərabərdir. Emal olunmuş neft məhsullarının ixracı isə gündəlik orta hesabla 3,1 milyon barel olmaqla, əvvəlki normal həcmin yarısını ötüb.
