Dünyada fəaliyyət göstərən kommersiya məqsədli karbonun tutulması və saxlanması müəssisələrinin illik karbon qazı tutma gücü cari ilədək 68 milyon tona çatıb. Tikinti mərhələsində olan layihələrin reallaşdırılması ilə bu göstəricinin daha 56 milyon ton artacağı gözlənilir.
NTV xəbər verir ki, “Global CCS Institute” təşkilatının dərc etdiyi hesabatda yer alan məlumatlara görə, cari il etibarilə dünyada 113 kommersiya məqsədli karbon tutma və saxlama müəssisəsi fəaliyyət göstərir.
Bildirilir ki, 1996-cı ildən bəri karbonun tutulması və saxlanması texnologiyaları vasitəsilə 400 milyon tondan çox karbon qazı tutularaq daimi şəkildə yeraltı anbarlarda saxlanılıb. Tikinti mərhələsində olan layihələr isə illik əlavə 56 milyon ton karbon qazının tutulması imkanını yaradır. Həmin layihələr istifadəyə verildikdən sonra fəaliyyət göstərən müəssisələrin ümumi illik karbon tutma gücünün 100 milyon tonu ötəcəyi proqnozlaşdırılır. Fəaliyyətdə olan müəssisələrin gücü sahələr üzrə təhlil edildikdə, illik 42 milyon ton göstərici ilə təbii qazın emalı və mayeləşdirilmiş təbii qaz (LNG) sektoru ilk sırada qərarlaşıb.
İnkişaf mərhələsində olan layihələr də nəzərə alındıqda, elektrik enerjisi istehsalı və istilik sektorunun ümumi potensial karbon tutma gücü illik 160 milyon tona çatır. Hesabatda bu göstəricinin təbii qazla işləyən elektrik stansiyalarında karbonun tutulması və saxlanması texnologiyalarının tətbiqinə dair öhdəliklərin güclənməsi ilə bağlı olduğu bildirilir.
Layihələrin ümumi portfelində təbii qazın emalı və LNG sektoru illik 111 milyon ton tutma gücü ilə ön sırada yer alır. Hidrogen, ammonyak və gübrə istehsalı sektorunda bu göstərici 103 milyon ton, sement və əhəng istehsalı sahəsində isə 42 milyon ton təşkil edir.
Hesabata görə, Amerika qitəsi fəaliyyət göstərən müəssisələrin illik 48 milyon ton karbon tutma gücü ilə regionlar arasında ilk sırada qərarlaşıb. İnkişaf mərhələsində olan layihələr həyata keçirildiyi təqdirdə, regionun ümumi gücünün 2030-cu il və sonrakı dövrdə illik 282 milyon tona çatacağı proqnozlaşdırılır.
Avropada 15 müəssisə fəaliyyət göstərir, 21 müəssisə isə tikinti mərhələsindədir. Avropa İttifaqının “Xalis Sıfır Sənaye Aktı” çərçivəsində hazırlanan ilk irəliləyiş hesabatına əsasən, regionda karbon qazının illik yeraltı saxlama gücünün 2030-cu ilədək 33 milyon tona çatacağı gözlənilir. Bu göstərici 2030-cu il üçün müəyyən edilmiş 50 milyon tonluq hədəfdən aşağıdır.
Hesabatda karbon qazının daşınmasının asanlaşdırılmasına yönəlmiş regional əməkdaşlıq təşəbbüslərinə də diqqət çəkilir. Belə ki, Böyük Britaniya ilə Belçika arasında karbon qazının daşınmasını asanlaşdıran saziş imzalanıb. Finlandiya ilə Norveç arasında isə Finlandiyada yaranan karbon qazının Norveçdə daimi saxlanmasını nəzərdə tutan anlaşma memorandumu bağlanıb. Bundan başqa, Avropa İttifaqı çərçivəsində 17 ortaq və qarşılıqlı maraq doğuran layihə rəsmiləşdirilib.
Hesabata əsasən, Yaxın Şərq və Afrika regionunda 5 müəssisə fəaliyyət göstərir, 5 müəssisə tikinti, 7 müəssisə inkişafın sonrakı, 12 müəssisə isə ilkin mərhələsindədir. Yaxın Şərq ölkələrinin hökumətləri və sənaye qurumları irimiqyaslı karbon tutma və saxlama mərkəzlərinin yaradılmasına, inteqrasiya olunmuş karbon qazı nəqli və saxlama infrastrukturunun qurulmasına, eləcə də LNG, hidrogen, ammonyak, elektrik enerjisi istehsalı və ağır sənaye sahələrini əhatə edən karbon idarəetməsi üzrə dəyər zəncirlərinin formalaşdırılmasına diqqət yetirirlər.
Regionda bu istiqamətdə həyata keçirilən təşəbbüslər əsasən Körfəz ölkələrinin məhdud bir qrupunda və qısa müddətdə karbon qazının istifadəsindən kommersiya gəliri əldə etməyə imkan verən layihələrdə cəmləşib. Hesabatda vurğulanır ki, bu cür layihələrdə karbon qazının daimi saxlanması hər zaman prioritet hesab edilmir.
Regional tənzimləyici çərçivələrin formalaşdırılması, nəqliyyat və saxlama üzrə biznes modellərinin hazırlanması, maliyyələşdirmə mexanizmlərinin yaradılması və saxlama sahələrinin təsdiqlənməsi prosesləri isə davam etdirilir.
Hesabatda, həmçinin regionda baş verən münaqişələrin enerji təhlükəsizliyi, enerji xərclərinin əlçatanlığı və dövlət maliyyə resursları üzərində təzyiqi artırdığı qeyd olunur. Bildirilir ki, bu amillər karbonun tutulması və saxlanması, eləcə də xalis sıfır emissiya hədəflərinə yönəlmiş bəzi investisiya layihələrinin gecikməsinə səbəb ola bilər.
