ABŞ-də keçirilən aralıq seçkilərdən sonra süni intellekt infrastrukturunun sürətlə genişlənməsinə maneələrin yaranacağı ilə bağlı narahatlıqlar və Birləşmiş Ştatların idxal rüsumlarını artırması ehtimalı fonunda misin qiyməti iyul ayından bəri ən aşağı səviyyəyə düşüb.
NTV xəbər verir ki, məlumat mərkəzlərinin və enerji avadanlıqlarının kabel və naqillərinin istehsalında geniş istifadə olunan mis ötən gün 1,2 faiz, bu gün isə daha 0,8 faiz ucuzlaşıb. Hazırda London Metal Birjasında misin bir tonunun qiyməti 13 min 840 dollar civarındadır.
Demokratların Konqresdə üstünlük əldə etməsindən sonra sənaye metallarının qiymətləri də ümumi riskdən yayınma tendensiyasına qoşulub. Süni intellekt sahəsində daha sərt tənzimləmələrin tətbiqi ilə bağlı narahatlıqlar texnologiya şirkətlərinin səhmlərinin ucuzlaşmasına səbəb olub. Respublikaçıların Konqresdəki ciddi məğlubiyyəti inflyasiya ilə bağlı narahatlıqları artırmaqla yanaşı, ABŞ-nin mis idxalına tətbiq etdiyi gömrük rüsumlarının genişləndirilməsi ehtimalı ətrafında yeni müzakirələrə səbəb olub.
Gömrük rüsumlarının artırılması ilə bağlı gözləntilər ABŞ bazarında misin qiymətinin yüksək səviyyədə qalmasına və böyük həcmdə metalın ölkənin anbarlarına yönəlməsinə səbəb olaraq qlobal bazarda təklifin azalmasına gətirib çıxarmışdı. Lakin cümə axşamı ABŞ və dünya bazarları arasındakı qiymət fərqi aradan qalxıb.
Analitiklər bildirirlər ki, bir çox bazar iştirakçısı Demokratlar Partiyasının ABŞ Konqresində çoxluğa sahib olması fonunda misə yüksək gömrük rüsumlarının tətbiqi ehtimalının azaldığını düşünür. 2028-ci il seçkilərinə doğru irəlilədikcə yaşayış xərclərinin bahalaşması hakim partiyanın ən zəif tərəflərindən birinə çevrilə bilər.
Digər metallardan alüminium və sinkin qiymətləri isə 0,5 faiz ucuzlaşıb.
