Azərbaycanın Zəfər Günü ilə bağlı Perunun “larazon.pe” və “prensa21.com” portallarında məqalələr dərc olunub.
NTV xəbər verir ki, məqalələrdə Şuşanın azad edilməsinin tarixi dönüş nöqtəsi olduğu vurğulanıb: “Vətən müharibəsinin taleyini müəyyən edən əsas hadisələrdən biri Qarabağın mədəniyyət paytaxtı, hər bir azərbaycanlı üçün xüsusi mənəvi əhəmiyyət daşıyan Şuşa şəhərinin azad edilməsi oldu. XVIII əsrdə əsası qoyulan bu şəhər Azərbaycanın zəngin mədəniyyət və incəsənət ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Şuşa görkəmli bəstəkarların, şairlərin, musiqiçilərin və ziyalıların vətəni kimi Azərbaycan mədəniyyətinə misilsiz töhfələr verib”.
Bildirilir ki, 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması yalnız hərbi qələbə deyil, həm də Azərbaycanın tarixi yaddaşının və milli kimliyinin bərpası baxımından mühüm hadisə olub. Şuşa Azərbaycan xalqı üçün nəsillər arasında qırılmaz mənəvi bağın, tarixi irsin və milli kimliyin rəmzidir. Məhz bu səbəbdən noyabrın 8-i həm Zəfər Günü, həm də Şuşa Şəhəri Günü kimi qeyd edilib.
Vurğulanıb ki, 44 günlük müharibə – milli həmrəyliyin və iradənin təntənəsidir. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, həmrəyliyini və öz suverenliyini qorumaq əzmini bütün dünyaya nümayiş etdirib. Bu ağır sınaq dövlətin və cəmiyyətin vahid məqsəd ətrafında birləşməsinin əhəmiyyətini bir daha ortaya qoyub.
Məqalələrdə tarixi qələbənin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyinin mühüm rol oynadığı xüsusi vurğulanıb.
“Zəfər Günü, eyni zamanda, Vətənin müdafiəsi uğrunda qəhrəmanlıq göstərən şəhidlərin əziz xatirəsinə ehtiram, qazilərin və müharibə veteranlarının fədakarlığına minnətdarlıq günüdür. Bu tarix xalqın azadlıq və suverenlik uğrunda mübarizəsinin yaddaşlarda əbədi yaşayacağını ifadə edir”, - deyə məqalələrdə qeyd olunub.
