Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, ortaq milli-mədəni dəyərlərin təbliği istiqamətində həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır.
Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-Zadə NTV-yə bildirib ki, xoreoqrafiya sənəti iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafında mühüm istiqamətlərdən biridir.
Son dövrlərdə Özbəkistan, Qazaxıstan və Türkiyənin xoreoqrafiya və incəsənət sahəsinin tanınmış nümayəndələri Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub. Görüşlərdə xoreoqrafiya təhsili və rəqs sənətinin inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.
Azərbaycan-Özbəkistan xoreoqrafiya əlaqələrinin mühüm göstəricilərindən biri də Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin Özbəkistanda keçirilən beynəlxalq tədbirlərdə uğurlu iştirakıdır. Akademiyanın tələbəsi, “Cəngi” Estrada-Folklor Mahnı və Rəqs Ansamblının üzvü Əminə Əliyeva Xivədə keçirilən III Beynəlxalq “Lazgi” Rəqs Festivalında “Ən yaxşı solo ifaçı” nominasiyası üzrə II yerə layiq görülüb. Festivalda 30-dan çox ölkədən 300-dən artıq sənət nümayəndəsi iştirak edib.
Festival çərçivəsində keçirilən beynəlxalq elmi-praktik konfransda Akademiyanın tələbəsi Aslana Əliyeva “Roza Cəlilova və Azərbaycanın rəqs sənəti” mövzusunda məruzə ilə çıxış edib. Əminə Əliyeva isə Azərbaycan və özbək rəqslərini təqdim edib.
Bakı Xoreoqrafiya Akademiyasının digər tələbəsi Gülnarə Xəlilova da Xivədə keçirilən “Khiva Art Fest” beynəlxalq incəsənət festivalında I yerə layiq görülərək “Ən cazibədar rəqs ifaçısı” nominasiyası üzrə mükafatlandırılıb.
Özbəkistanın xoreoqrafiya sənəti nümayəndələri də Azərbaycanda təşkil olunan beynəlxalq tədbirlərdə fəal iştirak edirlər. Bakı Xoreoqrafiya Akademiyasında keçirilən “Xoreoqrafiya sənətinin aktual problemləri” V Beynəlxalq Simpoziumunda Özbəkistan Xoreoqrafiya Akademiyasının doktorantı Yuliya Tairova məruzə ilə çıxış edib.
Özbəkistan Mədəniyyət Nazirliyinin Mədəniyyət Təhsil Mərkəzinin direktoru Alişer Camalidinovun Akademiyaya səfəri zamanı isə iki ölkənin mədəniyyət və incəsənət yönümlü təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Tərəflər birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və qarşılıqlı əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparıblar.
Bu əməkdaşlıq Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi üçün mühüm zəmin yaradır.
