Böyük Britaniyada “Boelo” fırtınası nəticəsində 2 nəfər həyatını itirib, təxminən 90 min ev və digər obyekt elektrik enerjisiz qalıb.
NTV BBC-yə istinadla xəbər verir ki, güclü külək və leysan yağışları ölkənin müxtəlif bölgələrində yaşayış binalarına və infrastruktura ciddi ziyan vurub. Hazırda fırtınanın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Güclü küləyin ağacları aşırması nəticəsində Londonun şimalında 20, Şotlandiyanın Damfris və Qallouey bölgəsində isə 60 yaşlı kişi həyatını itirib.
Böyük Britaniyanın Meteorologiya Xidməti güclü küləklə əlaqədar yeni sarı xəbərdarlıq elan edib. Xəbərdarlıq bu gün saat 18:00-dan sabah saat 03:00-dək İngiltərə, Uels və Şotlandiyanın qərb sahillərini, eləcə də Şimali İrlandiyanın şərq bölgələrini əhatə edəcək. Şotlandiyanın şimal hissələri üçün isə saat 03:00-dan etibarən əlavə xəbərdarlıq qüvvəyə minəcək. Meteorologiya Xidməti xəbərdarlıq edilən ərazilərdə elektrik enerjisinin verilişində yeni fasilələrin yarana biləcəyini bildirib.
Qeyd edək ki, “Boelo” son günlər Böyük Britaniyanı vuran ikinci güclü fırtınadır. Bundan əvvəl “Austen” fırtınası da ölkənin müxtəlif bölgələrində ciddi fəsadlara səbəb olub.
