Azərbaycanın müasir tarixində böhran dövrlərində düzgün qərarların verilməsi və tarixin doğru oxunması mühüm rol oynayıb. 15 İyun 1993-cü il məhz bu baxımdan dövlətçiliyin qorunduğu və siyasi iradənin xalqla birləşdiyi mühüm mərhələ kimi qiymətləndirilməlidir. 1990-cı illərin əvvəllərində Azərbaycanın qarşılaşdığı çağırışlar təkcə regional və beynəlxalq səviyyədə deyil, daxili idarəçilik və milli birliyin qorunması baxımından da olduqca mürəkkəb idi. Müstəqillik bərpa olunsa da, dövlət institutları hələ formalaşmamış, ictimai rəy və siyasi proseslər qeyri-müəyyənlik içində idi. Bu dövrdə Qarabağda hərbi məğlubiyyətlər, iqtisadi çöküş, sosial narazılıqlar və silahlı qruplaşmaların meydan suladığı bir mühit yaranmışdı. Məhz belə bir şəraitdə – 1993-cü ilin iyununda ölkədə daxili qarşıdurmalar, o cümlədən Gəncə hadisələri nəticəsində faktiki vətəndaş müharibəsi təhlükəsi reallığa çevrilmişdi. Bu geosiyasi və daxili risklər fonunda xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi rəhbərliyə dəvət olunması dövlətçiliyin xilası baxımından dönüş nöqtəsi oldu. Heydər Əliyev Ali Sovetin sədri seçildikdən dərhal sonra ilk olaraq idarəçilik sisteminin sabitləşdirilməsi və silahlı qrupların neytrallaşdırılması istiqamətində addımlar atdı. Onun siyasi təcrübəsi, soyuqqanlı və uzaqgörən yanaşması qısa müddətdə Azərbaycanı iflasa uğramaq təhlükəsindən çıxardı. 15 İyun bu baxımdan sadəcə bir tarix deyil – Azərbaycanın siyasi sabitliyinin, dövlətçiliyinin və milli həmrəyliyinin bərpa olunduğu simvolik bir gündür. Elmi analiz baxımından 15 İyun hadisələri postsovet məkanında dövlətin böhrandan çıxışında fərdin – liderin rolu kontekstində araşdırılmağa dəyər bir nümunədir. Bu hadisə liderliyin yalnız siyasi güc deyil, həm də tarixi məsuliyyət və strateji uzaqgörənlik tələb etdiyini göstərir.
Bir məsələni də xüsusilə qeyd etmək lazım gəlir ki, həmin dövrdə Azərbaycanda mərkəzsizləşmə və vətəndaş qarşıdurması Kremlin maraqlarına tamamilə uyğun idi. Bu, Rusiyaya həm hərbi, həm də siyasi rıçaqlar qazandırırdı. Bu bir həqiqətdir ki, 1990-cı illərin əvvəllərində Moskva “yaxın xaric” siyasəti çərçivəsində keçmiş sovet respublikalarında öz nüfuzunu qoruyub saxlamağa çalışırdı. Azərbaycan isə bu kontekstdə strateji əhəmiyyətə malik ölkə idi: enerji ehtiyatları, Xəzər dənizinə çıxışı və Qafqazda yerləşməsi ölkəni Rusiyanın diqqət mərkəzinə çevirirdi. Rusiya, bölgədəki sabitsizlikdən istifadə edərək Azərbaycana təsir etmək istəyirdi. Xüsusilə Qarabağ münaqişəsində vasitəçilik rolu Moskva üçün təsir vasitəsi idi. Məhz belə bir dövrdə yaranan vətəndaş qarşıdurması Kremlin maraqları daxilində idi. Lakin Heydər Əliyevin qətiyyətli siyasəti onun planlarının reallaşmasına imkan vermədi. Bu baxımdan 15 İyun – Milli Qurtuluş Günü təkcə Azərbaycan tarixində mühüm bir dönüş nöqtəsi deyil, həm də siyasi liderliyin, milli ideologiyanın və geosiyasi balansın sintez olunduğu strateji bir hadisədir. Bu tarixdən sonra Azərbaycanın dövlətçiliyi real məzmuna qovuşmuş, regional aktor olaraq formalaşması üçün zəmin yaranmışdır. Həmin dövrdə Rusiyanın gizli planlarının neytrallaşdırılması, məhz düzgün seçilmiş liderliyin və rasional siyasətin nəticəsidir.
Müasir mərhələdə 15 İyun – Milli Qurtuluş Günü, Azərbaycanın öz gələcəyini təhlükəsizlik, inkişaf və suverenlik prinsipləri üzərində qurduğunu sübut edir. 2020-ci ildə qazanılan Zəfər də bu strateji xəttin məntiqi nəticəsidir.
15 İyun yalnız keçmişin təhlili üçün deyil, gələcəyin quruculuğunda düzgün siyasi və ideoloji mövqenin nəyə gətirib çıxara biləcəyini anlamaq üçün bir dərsdir. Azərbaycanın bugünkü inkişaf kursu, məhz o dövrdə qoyulmuş təməllər üzərində inşa edilir. Liderlik və tarix doğru məqamda kəsişəndə, millətin taleyini dəyişmək mümkündür – 15 İyun bu həqiqətin sübutudur.
Emin Şıxəliyev
Naxçıvan MR Ali Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru
