satellite   Azerspace-1: 11135 H 30000

Ekspert: Qızılın ucuzlaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətinə təsir edə bilər

Ekspert: Qızılın ucuzlaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətinə təsir edə bilər

Dünya bazarında qızılın fyuçers qiymətinin azalması qlobal iqtisadiyyata və maliyyə bazarlarına müxtəlif istiqamətlərdə təsir göstərir. Lakin bu prosesin nəticələrini yalnız mənfi qiymətləndirmək düzgün olmazdı. Qızılın ucuzlaşması, xüsusilə ehtiyatlarında bu qiymətli metalın payı yüksək olan ölkələr, qızıl ixracatçıları və hasilat şirkətləri üçün fərqli nəticələr yarada bilər.

Bunu NTV-yə  açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, qızılın qiymətinin aşağı düşməsinin əsas səbəblərindən biri neftin bahalaşması fonunda inflyasiya gözləntilərinin artmasıdır. Belə ki, enerji daşıyıcılarının qiymətinin yüksəlməsi inflyasiya risklərini artırır və bu, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini sərtləşdirə biləcəyi ehtimalını gücləndirir. Faiz dərəcələrinin yüksəlməsi gözləntisi isə qızıla tələbi və onun qiymətini aşağı sala bilər.

Ekspert qeyd edib ki, qızılın qiyməti ABŞ dollarının dəyəri və dövlət istiqrazlarının gəlirliliyi ilə, bir qayda olaraq, əks istiqamətdə dəyişir. Dolların möhkəmlənməsi və istiqrazların gəlirliliyinin artması qızılın investisiya cəlbediciliyini azaldır. Qızılın ucuzlaşmasının təsirləri müxtəlif istiqamətlərdə özünü göstərir. Belə ki, ehtiyatlarını daha yüksək qiymətlə qızıla yatırmış ölkələrin və investorların aktivlərinin bazar dəyəri azalır. Digər tərəfdən, qızıl ixrac edən ölkələrdə bu metalın satışından əldə olunan gəlirlər aşağı düşə bilər. Qiymət azalması zərgərlik bazarında məhsulların ucuzlaşmasına da şərait yarada bilər.

İqtisadçı-ekspertin fikrincə, qızılın qiymətinin daha da aşağı düşməsi hasilat sektoruna da mənfi təsir göstərə bilər. Çünki qızıl hasilatı ilə məşğul olan şirkətlərin gəlirləri birbaşa dünya bazarındakı qiymətlərdən asılıdır. Qiymətlərin azalması yeni yataqların kəşfiyyatına və hasilat layihələrinə investisiya marağını zəiflədə bilər.

O, qızılın ucuzlaşmasının digər səbəblərindən biri kimi fiziki tələb və alış həcmlərinin azalmasını da göstərib. Bildirib ki, bazarda qiymətlər yüksəldikdə investorların və alıcıların alış marağı artır, ucuzlaşma zamanı isə əks tendensiya müşahidə oluna bilər. Bu baxımdan, üçüncü rübdə ikinci rüblə müqayisədə qızılın fiziki alış həcminin qlobal miqyasda azalması da qiymətlərə təsir edən amillərdəndir.

Dünya bazarında qızılın ucuzlaşmasının Azərbaycana təsirinə toxunan ekspert qeyd edib ki, bu tendensiya daxili bazarda da qızılın və ondan hazırlanan məhsulların qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər. Lakin zərgərlik məmulatlarının qiyməti yalnız xammalın dəyərindən formalaşmadığı üçün dünya bazarındakı ucuzlaşmanın pərakəndə satış qiymətlərində eyni nisbətdə əks olunması gözlənilmir.

“Zərgərlik məmulatlarının qiymətinə qızılın dəyəri ilə yanaşı, ustanın əməyinin haqqı, digər materialların qiyməti, icarə və inzibati xərclər də təsir edir. Buna görə də dünya bazarında qızılın, məsələn, 5 faiz ucuzlaşması zərgərlik məhsullarının qiymətində eyni həcmdə azalma ilə nəticələnməyə bilər. Bu məhsulların qiymətində daha məhdud ucuzlaşma gözlənilə bilər”, – deyə ekspert bildirib.

X.Kərimli əlavə edib ki, qızılın bahalaşması hasilat sektoruna investisiya marağını artırır. Qiymətlər yüksəldikdə qızıl hasilatı ilə məşğul olan şirkətlərin gəlirləri artır, yeni yataqların axtarışı və kəşfiyyatı iqtisadi baxımdan daha cəlbedici olur. Əksinə, qiymətlərin aşağı düşməsi yeni yataqların işlənməsini və hasilat layihələrinə yatırımları təxirə sala bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM