Fransanın milli dəmir yolu şirkəti SNCF noyabrın 5-də keçiriləcək ümummilli tətil ərəfəsində əməkdaşlarına 400 avro məbləğində mükafat təklif edib. Şirkət bu addımla dəmiryolçuların narazılığını azaltmağa və tətilin qarşısını almağa çalışır.
NTV xəbər verir ki, SNCF-in açıqlamasına görə, noyabrın 5-də qatarların hərəkətində müəyyən fasilələr gözlənilir: TGV sürətli qatarlarının hərəkəti nisbətən az, digər xətlərin əksəriyyətində isə daha ciddi şəkildə pozulacaq.
CGT, “Unsa Ferroviaire”, “Sud Rail” və CFDT həmkarlar ittifaqları 24 saatlıq tətilə çağırış ediblər. Rəhbərlik həmkarlar ittifaqlarına əməkdaşlar üçün 400 avroluq dəyər paylaşımı mükafatı, həmçinin kilometraj xərcləri üzrə ödənişlərin 5 faiz, bazar günləri, bayram və gecə növbələri üçün əlavələrin artırılmasını təklif edib.
Bununla belə, həmkarlar ittifaqları bütün işçilər üçün əməkhaqlarının 2,6 faiz artırılmasını, yeni iş yerlərinin açılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. “Sud Rail” həmkarlar ittifaqı isə hər bir əməkdaşın maaşına əlavə 400 avro verilməsini istəyir.
Narazılığın əsas səbəblərindən biri də şirkətin maliyyə nəticələri ilə əməkhaqlarının artımı arasındakı fərqdir. SNCF 2026-cı ilin ilk yarısında 1,18 milyard avro xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.
“Unsa Ferroviaire”in məlumatına görə, cari ildə dəmiryolçuların ümumi əməkhaqqı artımı cəmi 0,5 faiz təşkil edib, halbuki oktyabrda inflyasiya 3,4 faizə çatıb.
