Vaşinqton Universitetinin alimləri digər planetlərdə həyatın mövcudluğunu müəyyənləşdirməyə kömək edə biləcək yeni elmi model hazırlayıblar. Tədqiqatçılar Yer kürəsinin nüvəsindən atmosferinə qədər bütün əsas sistemlərini əhatə edən virtual planet simulyasiyası qurublar.
NTV xəbər verir ki, tədqiqatın nəticələri sentyabrın 18-də “The Planetary Science Journal” elmi jurnalında dərc olunub.
Yeni model Yer kürəsinin geokimyəvi proseslərini təxminən 5 milyard il ərzində simulyasiya edir. Bura planetin nüvəsi, mantiyası, qabığı, səthi və atmosferi arasında kimyəvi maddələrin mübadiləsi daxildir. Simulyasiyanın əsas xüsusiyyəti isə həyatın planetə təsirinin nəzərə alınmamasıdır. Bununla alimlər canlı orqanizmlərin iştirakı olmadan planet atmosferinin necə formalaşa və dəyişə biləcəyini müəyyənləşdirməyə çalışıblar.
Hazırda astronomlar Günəş sistemindən kənarda 6000-dən çox ekzoplanet aşkar ediblər. Onların bir qismi həyat üçün əlverişli şəraitə malik ola biləcək planetlər hesab olunur. Alimlər xüsusilə bu planetlərin atmosferində oksigen və metan kimi kimyəvi maddələrin mövcudluğunu araşdırırlar. Yer kürəsində bu qazların atmosferdə davamlı şəkildə mövcud olması canlı orqanizmlərin fəaliyyəti ilə əlaqələndirilir.
Lakin tədqiqatçıların qarşısında mühüm bir sual var: atmosferdəki bu kimyəvi maddələr həqiqətən həyatın mövcudluğundan xəbər verir, yoxsa oxşar şərait qeyri-bioloji proseslər nəticəsində də yarana bilər? Yeni simulyasiya məhz bu suala cavab tapmağa kömək edə bilər. Astronomlar öyrənmək istədikləri qayalı ekzoplanetin əsas xüsusiyyətlərini modelə daxil edərək onun atmosferinin həyatın iştirakı olmadan necə formalaşa biləcəyini yoxlaya biləcəklər. Əgər müşahidə edilən atmosfer göstəricilərini cansız planetin təbii prosesləri ilə izah etmək mümkün olmazsa, bu, həmin planetdə həyatın mövcudluğu ehtimalını daha da artıracaq.
Tədqiqatın aparıcı müəllifi, hazırda Kaliforniya Universitetinin Riversayd kampusunda doktoranturadan sonrakı araşdırmalar aparan Samanta Gilbert-Janizek bildirib ki, model yaşayış üçün əlverişli, lakin həyatın mövcud olmadığı planetlərin canlı dünyalara necə bənzəyə biləcəyini anlamağa imkan verəcək.
Araşdırmanın həmmüəllifi, Vaşinqton Universitetinin astronomiya üzrə dosenti Rori Barns isə yeni modelin ekzoplanetlərin öyrənilməsi istiqamətində mühüm mərhələ olduğunu vurğulayıb. Onun sözlərinə görə, model Yerin nüvəsi, mantiyası, səthi və atmosferinin xüsusiyyətlərini eyni vaxtda təkrarlaya bilir.
Alimlər hesab edirlər ki, bu tədqiqat gələcəkdə uzaq planetləri müşahidə etmək üçün hazırlanacaq teleskopların, o cümlədən NASA-nın təklif etdiyi “Habitable Worlds Observatory” rəsədxanasının elmi imkanlarının müəyyənləşdirilməsinə də töhfə verə bilər.
Tədqiqat NASA-nın maliyyə dəstəyi ilə həyata keçirilib.
