Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz artaraq 2,81 milyard dollar təşkil edib.
NTV İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəricilərinə istinadla xəbər verir ki, cari ilin avqust ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 350,8 milyon dollar təşkil edib.
İcmala əsasən, ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 80,7 milyon dollara bərabər olub. Qeyri-yeyinti məhsullarının ixracı isə 11,4 faiz artaraq 251,1 milyon dollara bərabər olub.
Cari ilin yanvar-avqust aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 2,3 dəfə, pambıq iplik 62,2 faiz, alüminium və ondan hazırlanan məmulatlar 42,8 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 30,2 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 20,5 faiz, pambıq lifi 17,8 faiz, meyvə-tərəvəz 13,7 faiz, çay isə 12,1 faiz artıb.
2026-cı ilin yanvar-avqust aylarında aqrar məhsullar üzrə ixrac 19,2 faiz artaraq 732 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 22,1 faiz artaraq 255,8 milyon dollar təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,9 faiz artaraq 987,8 milyon dollara bərabər olub.
