Bu gün qədər Aqrar Sığorta Fondu fermerlərə 23,7 milyon manat ödəniş edib.
NTV xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, əlavə olaraq təxminən 5 milyon manat sığorta ödənişi sənədlər toplandıqdan sonra həyata keçiriləcək.
"Bu il fermerlərdən kifayət qədər müraciət daxil olub. Xüsusən də yağıntılı hava şəraiti ilə əlaqədar müraciətlər daha çox dolu və su basma riskləri ilə bağlı olub. Ümumilikdə ilin əvvəlindən 383 fermerdən 7 066 müraciət daxil olub. Burada söhbət 77 min hektar əkin sahəsindən gedir ki, bunun da 60 min hektarı yağıntılar, dolu və su basma riskləri ilə bağlıdır. Dəyən zərərlər artıq müəyyən edilib və yekun ekspertizalar başa çatıb. Təxminən 4,5 milyon manat sırf bu risklərlə bağlı sığorta ödənişlərinin edilməsi nəzərdə tutulur", - deyə sədr müavini əlavə edib.
O, yağıntılarla bağlı ən çox Quba-Xaçmaz və Qarabağ iqtisadi rayonlarının ziyan çəkdiyini bildirib: "Həmçinin qeyd etdiyim kimi, Dövlət Proqramına əsasən risk xəritəsinin formalaşdırılması tapşırılıb ki, bununla bağlı artıq məlumatlar təhlil edilir. Yarandığımız dövrdən bu günə qədər nəzərdə tutulan 29 milyon manata yaxın sığorta ödənişinin 24 milyon manatı bitkiçilik sahəsinin payına düşür. Həmin 24 milyon manatın 9 milyon manatı isə Qarabağ iqtisadi rayonu ilə bağlıdır. Həmin rayon ölkəmizin ən riskli bölgələrindən biri hesab oluna bilər. Bundan sonra Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonları gəlir".
Sədr müavini onu da deyib ki, ölkə üzrə 1,4 milyon hektar əkin ərazisinin 1,1 milyon hektarını, yəni 80 %-dən çoxunu taxıl sahələri təşkil edir: "Fondun portfelinin böyük əksəriyyətini taxıl sahələri təşkil etdiyinə görə zərərlərin də çox hissəsi bu sahələrdə olur. Lakin ildən-ilə sığortanın əhatəsi genişlənir. Son illər meyvə bağlarından da kifayət qədər müraciətlər daxil olur. Məsələn, bu il yağıntılar nəticəsində gilas, badam, heyva və digər meyvə bitkilərinə zərər dəyməsi ilə bağlı xeyli müraciət var. Portfelə yeni bitkilərin daxil edilməsi ilə bağlı artıq qanunvericilik layihəsi Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilib və qurumlarla razılaşdırılma mərhələsinə çıxarılıb. Biz bitkilərin sayının 43-dən 50-yə çatdırılmasını, eyni zamanda arıçılıq və quşçuluq təsərrüfatlarının sığortalanması məsələsini nəzərdə tutmuşuq. Hazırda sığortaladığımız 43 bitki növü ölkənin əkin ərazilərinin 90 %-dən çoxunu əhatə edir. Növbəti mərhələdə təminat verəcəyimiz əsas məhsullar subtropik bitkilər (kivi, feyxoa və s.) və bostan bitkiləridir ki, hazırda onlar bizim təminat siyahımızda mövcud deyil".
