Qadın güləşi üzrə Azərbaycan milli komandası Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib.
Federasiyadan NTV-yə bildirilib ki, böyüklər və U-23 yaş qruplarını əhatə edən hazırlıq mərhələsi sentyabrın 19-dək davam edəcək. Ümumi və xüsusi hazırlıq üzrə keçirilən toplanış yığmanın baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında təşkil olunur.
Toplanışda Xədicə Qurbanzadə, Nəzrin Əhmədli (hər ikisi 50 kiloqram), Nərgiz Səmədova, Fatimə Bayramova, Esra Məmmədli (hamısı 53 kiloqram), Elnurə Məmmədova, Əsmər Cankurtaran, Gültəkin Şirinova (hamısı 55 kiloqram), Jalə Əliyeva, Qaratel Quliyeva, Səadət Quliyeva (hamısı 57 kiloqram), Günay Qurbanova (59 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram), Birgül Soltanova (65 kiloqram) və Zəhra Kərimzadə (72 kiloqram) iştirak edir.
Qeyd edək ki, iki yaş qrupunu əhatə edən təlim-məşq oktyabrın 12-18-də ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək U-23 dünya çempionatı, eləcə də oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada baş tutacaq böyüklərin dünya çempionatına hazırlıq məqsədi daşıyır.
