ABŞ-də yeni mənzil satışları oktyabr ayında əvvəlki ayla müqayisədə 14,2 faiz artaraq bu ilin ən yüksək səviyyəsinə çatıb. Halbuki iqtisadçılar satışların 3,8 faiz azalacağını proqnozlaşdırırdılar. Tikinti şirkətlərinin alıcılara təqdim etdiyi müxtəlif güzəştlər satışların artımını dəstəkləsə də, mənzillərin median satış qiyməti illik müqayisədə 3,2 faiz azalıb.
NTV xarici mediaya istinadla xəbər verir ki, ABŞ federal hökumətinin açıqladığı məlumatlara əsasən, yeni fərdi yaşayış evlərinin satışı oktyabr ayında 14,2 faiz artaraq illik hesabla 701 minə çatıb. Bu göstərici “Bloomberg”in iqtisadçılar arasında keçirdiyi sorğuda yer alan bütün proqnozları üstələyib. Sorğuda iştirak edən iqtisadçıların median proqnozu satışların 3,8 faiz azalacağı istiqamətində idi.
Oktyabr ayında yeni mənzillərin orta satış qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz azalaraq 391 min 300 dollara düşüb. Beləliklə, mənzil qiymətlərində azalma tendensiyası davam edib.
Milli Mənzil İnşaatçıları Assosiasiyası (NAHB) və “Wells Fargo”nun noyabr ayında keçirdiyi sorğunun nəticələrinə görə, tikinti şirkətlərinin 46 faizi mənzillərin qiymətlərində endirim etdiyini bildirib. Bu, müvafiq sualın altı il əvvəl müntəzəm olaraq sorğulara daxil edilməsindən bəri qeydə alınan ən yüksək göstəricidir.
Bununla belə, iqtisadçılar hesab edirlər ki, mənzillərin əlçatanlığı ilə bağlı problemlər qarşıdakı aylarda da ABŞ-nin yeni mənzil bazarının əsas çətinliklərindən biri olaraq qalacaq.
