Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak neft emalı zavodlarında aparılan təmir işləri səbəbindən ölkənin yanacaq bazarında ciddi çətinliklərin yarandığını bildirib.
NTV xarici mediaya istinadla xəbər verir ki, ölkənin yanacaq bazarındakı mövcud vəziyyəti şərh edən A.Novak daxili bazarın yanacağa olan tələbatının ödənilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib.
“Bəzi neft emalı zavodlarında aparılan təmir işləri səbəbindən hazırda yanacaq bazarında kifayət qədər çətin vəziyyət yaranıb”, – deyə Baş nazirin müavini vurğulayıb.
A.Novak bazarda yaranmış təklif çatışmazlığının yaxın və uzaq xarici ölkələrdən yanacaq idxalı hesabına aradan qaldırıldığını qeyd edib. O, benzin ixracına tətbiq olunan məhdudiyyətlərin uzadılıb-uzadılmayacağı ilə bağlı qərarın dekabr ayında veriləcəyini bildirib. Qərarın daxili bazarda tələb və təklifin proqnozlarına əsasən qəbul ediləcəyi vurğulanıb.
Qeyd edək ki, Ukraynanın Rusiyadakı neft emalı zavodlarına pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində bir sıra müəssisələr təmirə dayandırılıb. Bununla əlaqədar ölkənin bəzi bölgələrində yanacaq satışına məhdudiyyətlər tətbiq olunur.
Rusiya hökuməti də benzinin ixracına qoyulan müvəqqəti qadağanın müddətini 2027-ci il yanvarın 31-dək uzadıb.
