Böyük Britaniyada cari ilin iyun ayınadək olan 12 aylıq dövrdə xalis miqrasiya göstəricisi 77 min nəfərə düşüb.
NTV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) məlumat yayıb. Bu, pandemiya dövrü istisna olmaqla, 1997-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir. Bildirilib ki, ölkəyə yaşamaq üçün gələnlərlə ölkəni tərk edənlər arasındakı fərqi əks etdirən xalis miqrasiya göstəricisinin azalması əsasən Avropa İttifaqı və digər əlaqəli Avropa ölkələrindən kənar ölkələrin vətəndaşları arasında xalis miqrasiyanın azalması ilə bağlıdır.
Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin açıqladığı statistikaya əsasən, cari ilin sentyabr ayınadək olan 12 aylıq dövrdə ölkədə sığınacaq üçün müraciət edənlərin sayı da 33 faiz azalaraq 74 min nəfər təşkil edib. Bununla belə, bu rəqəm 2004-2021-ci illərdə qeydə alınan göstəricilərdən yüksəkdir.
Nazirlik azalmanın əsasən ölkəyə qeyri-qanuni yollarla daxil olan şəxslər tərəfindən edilən müraciətlərin sayının azalması ilə bağlı olduğunu bildirib. Buna baxmayaraq, qeyri-qanuni giriş marşrutları sığınacaq üçün müraciət edən şəxslər arasında ən geniş yayılmış giriş üsulu olaraq qalır. Belə ki, sığınacaq üçün müraciət edənlərin təxminən yarısı ölkəyə bu yollarla daxil olub.
