Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 31-ci Tərəflər Konfransı (COP31) beşinci günündə “Maliyyə və ticarət” mövzusu ilə davam edir.
NTV xəbər verir ki, günün əsas diqqət mərkəzində iqlim fəaliyyətinin maliyyələşdirilməsi, yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi, dayanıqlı ticarət mexanizmlərinin inkişafı və beynəlxalq investisiya əməkdaşlığının genişləndirilməsi məsələləri dayanır.
Tematik gün çərçivəsində dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, özəl sektorun, biznes dairələrinin və ekspertlərin iştirakı ilə müzakirələr aparılır. Tədbirlərdə ticarət siyasətinin iqlim məqsədlərinə uyğunlaşdırılması, aşağı karbonlu iqtisadiyyatın qurulması, dayanıqlı istehsal və təchizat zəncirlərinin formalaşdırılması, eləcə də yaşıl investisiyaların təşviqi məsələləri nəzərdən keçirilir.
COP31 sədrliyi və Türkiyənin Ticarət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən proqramda iqlim siyasəti ilə beynəlxalq ticarət arasında əlaqələrin gücləndirilməsi, ölkələrin təcrübə mübadiləsi və praktiki həll yollarının müəyyənləşdirilməsi əsas istiqamətlərdəndir.
Günün açılış tədbirində COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, Türkiyənin ticarət naziri Ömər Bolat və COP30-un prezidenti Andre Korrea do Laqo iştirak ediblər. Yüksəksəviyyəli müzakirələrdə iqlim siyasəti, ticarət və rəqabət qabiliyyətinin uzlaşdırılması, beynəlxalq koordinasiyanın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Proqram çərçivəsində, həmçinin iqlim maliyyələşdirilməsinin səmərəliliyi, yaşıl texnologiyaların tətbiqi, sənayenin karbonsuzlaşdırılması və inkişaf etməkdə olan ölkələrin maliyyə resurslarına çıxış imkanları müzakirə olunur.
Qeyd edək ki, COP31-in növbəti tematik günü noyabrın 14-də “Uşaqlar, gənclər, təhsil və bacarıqlar” mövzusuna həsr ediləcək.
