Dekabrın 5-6-da dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllim və metodistlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçiriləcək.
Bu barədə NTV-yə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, imtahanda iştirakçılara məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 sual təqdim ediləcək.
Suallar təhsilverənlərin peşə yararlılığının qiymətləndirilməsi üzrə məzmun və metodika, təhlükəsizlik, pedaqoji etika və əməkdaşlıq, eləcə də özünüinkişaf istiqamətlərini əhatə edəcək. Test imtahanı kompüter vasitəsilə elektron qaydada keçiriləcək və iştirakçılara 120 dəqiqə vaxt veriləcək. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv cavablar və ya cavabsız saxlanılan suallar isə düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.
Sertifikatlaşdırmanın məqsədi məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən, ali və orta ixtisas təhsilli təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşə yararlılığını yoxlamaq, onların peşəkar inkişafını dəstəkləmək, eləcə də təlim ehtiyaclarını müəyyənləşdirməkdir.
Qanunvericiliyə əsasən, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunan şəxslər (üç il müddətində), həmçinin azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər prosesdə iştirak etməyəcəklər. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
Bildirilib ki, sertifikatlaşdırmanın 14 şəhər üzrə 21 mərkəzdə keçirilməsi və prosesdə 9 minə yaxın şəxsin iştirakı gözlənilir. İmtahanın vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.Test imtahanının nəticələri proqram təminatı vasitəsilə avtomatlaşdırılmış qaydada hesablanacaq və imtahan başa çatdıqdan dərhal sonra iştirakçılara elan ediləcək.
