satellite   Azerspace-1: 11135 H 30000

Yunanıstanda Qərbi Nil virusuna yoluxan 49 nəfər ölüb

Yunanıstanda Qərbi Nil virusuna yoluxan 49 nəfər ölüb

Yunanıstanda bu il Qərbi Nil virusuna yoluxma halları rekord həddə çatıb. Eyni zamanda, ölkədə mövsümi qripin gözləniləndən daha erkən yayılması müşahidə olunur.

NTV xəbər verir ki, Yunanıstanın “Kathimerini” qəzetinin məlumatına görə, ölkədə indiyədək Qərbi Nil virusuna 452 yoluxma faktı qeydə alınıb, 49 nəfər isə bu xəstəlik nəticəsində həyatını itirib.

Məlumata əsasən, Avropa İttifaqı ölkələrində də virusun yayılması yüksək səviyyəyə çatıb.

Qərbi Nil virusu əsasən yoluxmuş ağcaqanadların sancması nəticəsində insanlara keçir. Yoluxanların əksəriyyətində xəstəlik yüngül və ya simptomsuz keçsə də, bəzi hallarda, xüsusilə yaşlılarda və immun sistemi zəif olan şəxslərdə ağır nevroloji fəsadlara səbəb ola bilər.

Bununla yanaşı, Yunanıstanın səhiyyə qurumları mövsümi qripin də vaxtından əvvəl yayılmağa başladığını bildirir.

Son həftə ərzində tənəffüs yolu viruslarının simptomları ilə həkimə müraciət edən şəxslərin 10 faizində qrip aşkarlanıb. Üç ağır xəstəlik halında pasiyentlərin intensiv terapiya şöbəsində müalicəsinə ehtiyac yaranıb.

Afina Universitetinin professoru Teodora Psaltopulunun sözlərinə görə, oktyabrın 5-dən 21-dək ölkədə qrip virusunun müsbət test göstəricisi təxminən 13 faizə çatıb. Bu isə epidemik aktivliyin başlanğıcı üçün qəbul edilən 10 faizlik həddi üstələyir.

Professor qeyd edib ki, qrip mövsümünün erkən başlaması epidemiyanın mütləq daha ağır keçəcəyi anlamına gəlmir.

Bununla belə, xəstəxanalara yerləşdirilən qrip xəstələrinin sayında artım müşahidə olunur. Belə ki, bir həftə ərzində 27 nəfər xəstəxanaya yerləşdirilib. Əvvəlki həftədə bu göstərici 22 nəfər olub.

Yunanıstanın səhiyyə mütəxəssisləri əhalini mövsümi qripə qarşı vaxtında peyvənd olunmağa çağırır. Ölkənin Səhiyyə Nazirliyi peyvəndlənmənin noyabrın sonunadək həyata keçirilməsini tövsiyə edir.

Mütəxəssislər bildirirlər ki, peyvəndlənmə üçün tövsiyə olunan müddət ötürülsə belə, sonrakı dövrdə peyvənd olunmaq xəstəliyin ağırlaşma riskinin azaldılması baxımından faydalı ola bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM