İtaliya və İspaniya iki ölkə arasında səyahət edən şəxslər üçün tətbiq olunan müvəqqəti sərhəd yoxlamalarını ləğv etmək niyyətindədir. Bu məsələ cümə axşamı Avropa İttifaqının sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə İspaniyanın Baş naziri Pedro Sançes arasında müzakirə olunub.
NTV ANSA agentliyinə istinadla xəbər verir ki, İtaliya sərhəd yoxlamalarının müddətini daha yeddi gün uzatmağı planlaşdırır. Məqsəd bu tədbirlərin başa çatması tarixini İspaniyada tətbiq olunan analoji məhdudiyyətlərin qüvvədən düşəcəyi tarixlə koordinasiya etməkdir.
Yaxın günlərdə hər iki ölkənin daxili işlər nazirləri sərhəd yoxlamalarının ləğvi məsələsini də müzakirə edəcəklər.
İtaliya avqustun 1-də İspaniyadan gələn sərnişinlər üçün hava və dəniz sərhədlərində yoxlamaları bərpa edib. Bu tədbirlər əvvəlcə Seutda baş vermiş miqrasiya böhranından sonra bir ay müddətinə tətbiq olunub. Roma qərarını təhlükəsizlik mülahizələri ilə əsaslandırıb.
Buna cavab olaraq, İspaniya İtaliyadan gələn sərnişinlər arasında seçmə yoxlamalar aparmağa başlayıb. Sonradan hər iki ölkə bu tədbirlərin müddətini dəfələrlə uzadıb.
İtaliyanın qərarı Madridin və İtaliya müxalifət partiyalarının tənqidinə səbəb olub. Tənqidçilər bildiriblər ki, Seuta daxil olmaq Şengen zonasına avtomatik giriş imkanı yaratmır. Bundan başqa, İtaliya ilə İspaniyanın ortaq quru sərhədi yoxdur.
