Fransada oktyabrın 17-də yanacağın bahalaşmasına, alıcılıq qabiliyyətinin azalmasına və dövlət xidmətlərinin pisləşməsinə etiraz olaraq genişmiqyaslı səfərbərlik planlaşdırılır.
NTV xəbər verir ki, ölkə üzrə təxminən min aksiya nəzərdə tutulur. Sosial şəbəkələrdə fəallaşan “Sarı jiletlilər” hərəkatının nümayəndələri müxtəlif nəsillərin və peşə qruplarının etirazlarını birləşdirməyə, aksiyaları daha mütəşəkkil şəkildə təşkil etməyə çalışırlar.
“Franceinfo”nun məlumatına görə, sentyabrda gənc “TikTok” istifadəçilərinin “hər şeyi bloklamaq” çağırışı geniş dəstək qazanmamışdı. Lakin oktyabrın ortalarında lisey şagirdlərinin etirazları yenidən fəallaşıb və “Sarı jiletlilər” hərəkatının bəzi nümayəndələri bu narazılıqları ümumi səfərbərliyə çevirmək təşəbbüsü ilə çıxış ediblər.
Həmkarlar ittifaqlarından “Solidaires” və Fermerlər Konfederasiyası aksiyalarda iştirak edəcəklərini açıqlayıblar. Ümumi Əmək Konfederasiyası (CGT) da səfərbərliyə dəstək verdiyini bildirib. Bununla belə, aksiyaların real miqyasını əvvəlcədən müəyyənləşdirmək hələlik çətindir.
