Almaniyanın avtomobil istehsalçısı “Porsche” şirkəti “Mission S” adlı yeni super modelini təqdim etməyə hazırlaşır.
NTV xəbər verir ki, şirkətin məlumatına görə, yeni model markanın 911 seriyasından daha yüksək mövqedə yer alacaq.
Avtomobilin Nyu-Yorkda konsept nümunəsi artıq sərgilənib. Hələlik yalnız konsept mərhələsində olan avtomobilin bazara çıxarılma vaxtı dəqiq açıqlanmayıb. Modelin qiymətinin təxminən 500 min avro olacağı ehtimal edilir.
“Mission S” üçün orta mühərrikli platforma nəzərdə tutulur. Bu arxitekturanın gələcəkdə digər modellərdə və konsernin başqa markalarında da istifadəsi planlaşdırılır. İkiyerlik salonun iri ekranlardan imtina edən klassik dizaynı avtomobilin ənənəvi idman üslubunu ön plana çıxarır.
Şirkət mühərrik barədə ətraflı məlumat açıqlamayıb. Modelin enerji doldurulan hibrid versiyasının hazırlanması nəzərdə tutulsa da, tam elektrik variantı hazırda planlaşdırılmır. Bu yanaşma “Porsche”nin gələcək məhsul xəttində daxiliyanma mühərriklərinə yenidən xeyli yer ayıracağı strategiyasına uyğundur.
