Fransada Oqüst Renuar muzeyindən ümumi dəyəri təxminən 9 mln. avro olan üç tablo oğurlanıb. Dördüncü əsəri cinayətkarlar polis təqibi zamanı atıblar.
NTV "Sky News"a istinadən xəbər verir ki, bu barədə Kan-sür-Mer kommunasının meri Brian Masson bəyanat verib.
Oğrular sentyabrın 8-i səhər saatlarında muzeye daxil olaraq dörd tabonu çıxarıb aparıblar. Təqib zamanı onlar tablolardan birini atıblar, lakin digərlərini oğurlamağa müvəffəq olublar.
"Renuar muzeyinə hücum Kan-sür-Merin tarixinin və irsinin bir hissəsinə hücumdur. Bu cür hərəkətlər xüsusilə ciddi xarakter daşıyır", - mer vurğulayıb.
Oğurlanan əsərlərin adları hələlik açıqlanmır. Lakin merin ofisindən bildiriblər ki, oğurlanan tabloların dəyəri 9 mln. avro həcmində qiymətləndirilir.
Əvvəllər Europol incəsənət əsərlərinin Avropada oğurlanmasının getdikcə daha zorakı xarakter aldığını bildirib. Hüquq-mühafizə agentliyinin məlumatına görə, ixtisaslaşmış cinayətkar qrupların yerini situativ formalaşdırılan qruplar tutur və onların iştirakçıları çox vaxt sosial şəbəkələr vasitəsilə tapılır.
