satellite   Azerspace-1: 11135 H 30000

BMT rəsmisi: Süni intellekt bəşəriyyətin mövcudluğuna təhlükə yarada bilər

BMT rəsmisi: Süni intellekt bəşəriyyətin mövcudluğuna təhlükə yarada bilər

Süni intellekt bəşəriyyət üçün ekzistensial təhlükə yarada bilər və bu sahədə risklərin azaldılması üçün təcili tədbirlər görülməlidir.

NTV xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Cenevrədə BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyasının açılışında deyib.

BMT rəsmisi bildirib ki, hazırda dünya insan hüquqları baxımından qeyri-adi, hətta misli görünməmiş təhdidlərlə üzləşir. O qeyd edib ki, inkişaf etmiş süni intellekt bəşəriyyət üçün ekzistensial təhlükəyə çevrilə bilər. Ali Komissar bunun qarşısını almaq üçün gecikmədən süni intellektin təhlükəsizliyi və etibarlılığı ilə bağlı ciddi təminatların hazırlanmasına dair hərtərəfli səylərin göstərilməsinin vacibliyini vurğulayıb.

Volker Türk bildirib ki, sınaq mühitindən kənara çıxmağı bacaran və ya “dur” əmrinə tabe olmayaraq sahiblərini şantaj edən süni intellekt məqbul güc həddini aşmış hesab edilməlidir.

BMT rəsmisi yaxın günlərdə süni intellekt şirkətləri ilə görüşəcəyini və onları hazırda risklərin azaldılması üçün nəzarətləri daxilində olan tədbirləri görməyə çağıracağını söyləyib.

Onun sözlərinə görə, ən azı süni intellekt şirkətlərinin yerləşdiyi ölkələr və bu texnologiyanın təchizat zəncirində iştirak edən dövlətlər aydın və razılaşdırılmış “qırmızı xətlər” müəyyən etməlidirlər.

Volker Türk, həmçinin müstəqil yoxlama mexanizmlərinin yaradılmasına və sektor daxilində təhlükəsizlik sahəsində daha güclü əməkdaşlığa çağırıb.

Ali Komissar süni intellektin insan hüquqlarına təsirlərinin də nəzərdən keçirilməsinin vacibliyini qeyd edib. O, bu təsirlərə işlə təminatı, demokratiyanın fundamental prinsiplərini və ətraf mühiti də aid edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM