Rusiya Almaniyanın Sankt-Peterburqdakı baş konsulluğunun fəaliyyətinə verdiyi icazəni ləğv edir.
Bu barədə NTV Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatına istinadən xəbər verir.
Məlumata görə, baş konsulluq sentyabrın 18-dən gec olmayaraq fəaliyyətini dayandırmalı, onun bütün əməkdaşları isə Rusiya ərazisini tərk etməlidir.
Bundan başqa, Moskva Rusiyada Höte adına alman mədəniyyət mərkəzlərinin fəaliyyətinin dayandırılmasını tələb edib. Onların ezam olunmuş əməkdaşları sentyabrın 13-dən gec olmayaraq ölkəni tərk etməlidirlər.
"Diplomatik missiyanın rəhbərinə Rusiya XİN-in müvafiq notaları təqdim edilib", - məlumatda deyilir.
Nazirlikdə qeyd ediblər ki, bu qərarlar sentyabrın 7-də Rusiyanın Bonndakı baş konsulluğunun və Berlindəki Rusiya Elm və Mədəniyyət Evinin bağlanmasına cavab tədbiridir.
