İstanbulda plastik tullantıların yaratdığı təhlükələr və Türkiyənin bu sahədə həyata keçirdiyi tədbirləri əhatə edən “Sıfır Tullantı” seminarı keçirilir.
NTV xəbər verir ki, tədbirdə çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy dünyada plastik məhsulların istehsalı son 70 ildə təxminən 230 dəfə artaraq 460 milyon tondan çox, plastik tullantıların həcminin isə 353 milyon tona çatdığını bildirib. O, tullantıların yalnız 9 faizinin təkrar emal olunduğunu vurğulayıb.
Nazirin sözlərinə görə, Türkiyədə “Sıfır Tullantı” təşəbbüsü çərçivəsində son 8 ildə bütün tullantılar üzrə təkrar emal göstəricisi 13 faizdən 37,53 faizə yüksəlib. Bu müddətdə 90 milyon ton tullantı yenidən emal olunub və təxminən 365 milyard lirə iqtisadi töhfə əldə edilib.
Ersoy plastik tullantılarla mübarizədə qlobal əməkdaşlığın və kompleks yanaşmanın vacibliyini vurğulayıb: “Artıq vaxt itirmək imkanımız yoxdur”.
Qeyd edək ki, Türkiyə 2035-ci ilədək tullantıların təkrar emalı göstəricisini 60 faizə, 2053-cü ilədək isə 70 faizə çatdırmağı hədəfləyir. Plastik tullantıların idarə olunması isə 2025-2028-ci illər üzrə Milli Dövri İqtisadiyyat Strategiyası və Fəaliyyət Planında yeddi prioritet sahədən biri kimi müəyyən edilib.
