satellite   Azerspace-1: 11135 H 30000

Qlobal təbii qaz tələbatı rekord göstəriciyə çatıb

Qlobal təbii qaz tələbatı rekord göstəriciyə çatıb

2025-ci ildə qlobal təbii qaz tələbatı əvvəlki illə müqayisədə 1,7 faiz (69 milyard kubmetr) artaraq rekord göstəriciyə - 4 trilyon 202 milyard kubmetrə çatıb.

NTV xəbər verir ki, bu barədə Beynəlxalq Qaz İttifaqı (IGU) və İtaliyanın “Snam” şirkəti tərəfindən hazırlanan “Qlobal qaz hesabatı 2026”da deyilir.

Bildirilir ki, bu artımda əsas pay Asiya, Yaxın Şərq və Avropaya düşüb. Ötən il Asiyada qaz tələbatı əvvəlki ilə nisbətən 25 milyard kubmetr artıb. Elektrik enerjisi istehsalında, yaşayış və kommersiya istehlakında artımlar regionda təbii qaz tələbatının ümumi artımının təxminən 64 faizini təşkil edib. Bu artımın əhəmiyyətli hissəsi Şərqi Asiya və Cənub-Şərqi Asiyada baş verib. Yaxın Şərqdə isə təbii qaz tələbatı illik müqayisədə 2,9 faiz və ya 18 milyard kubmetr artıb. Regiondakı artım xüsusilə sənaye və elektrik enerjisi sektorunda qaz tələbatı ilə əlaqədar olub. Sənayedə qaz tələbatı ötən il əvvəlki ilə görə 9,5 faiz və ya 15 milyard kubmetr, elektrik enerjisi sektorunda isə 4,2 faiz və ya 11 milyard kubmetr artıb.

Hesabata görə, keçən il Avropada təbii qaz tələbatı 2,3 faiz və ya təxminən 10 milyard kubmetr artıb. Qitədə ilin əvvəlində müşahidə olunan soyuq hava şəraiti və qış aylarında külək enerjisi istehsalının aşağı olması elektrik enerjisi istehsalında təbii qazdan istifadəni artırıb. Avropada elektrik enerjisi istehsalında təbii qazdan istifadə 9 milyard kubmetr artıb.

Afrikada təbii qaz tələbatı 6 milyard kubmetr, Şimali Amerikada isə 5 milyard kubmetr artıb. Şimali Amerikada yaşayış və kommersiya istehlakı 21 milyard kubmetr, sənaye istehlakı 2 milyard kubmetr artıb, elektrik enerjisi istehsalı üzrə qaza tələbat 18 milyard kubmetr azalıb. Ötən il Cənubi Amerikada qaz tələbatında 4 milyard kubmetr və Rusiyada 3 milyard kubmetr artım müşahidə olunub, tələbatın azaldığı yeganə bölgə isə Okeaniya olub.

Bundan başqa, il ərzində sektorlara görə yaşayış və kommersiya istehlakında 32 milyard kubmetr artım müşahidə olunub. Bu, qlobal təbii qaz tələbatında ən yüksək mütləq artımı təmsil edir. Şimali Amerikada soyuq qış şəraiti bu artıma öz töhfəsini verib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM