Ötən il qlobal mayeləşdirilmiş təbii qaz (LNG) ticarəti əvvəlki illə müqayisədə 43 milyard kubmetr artaraq tarixi maksimuma - 580 milyard kubmetrə çatıb.
NTV xəbər verir ki, bu barədə Beynəlxalq Qaz İttifaqı (IGU) və İtaliyanın “Snam” şirkəti tərəfindən hazırlanan “Qlobal qaz hesabatı 2026”da deyilir.
Hesabata görə, 2024-cü illə müqayisədə maye qaz idxalında 10 milyard kubmetr azalmaya baxmayaraq, Çin dünyanın ən böyük LNG idxalçısı mövqeyini qoruyub saxlayıb. Yaponiya il ərzində 91 milyard kubmetr, Koreya Respublikası isə 67 milyard kubmetr LNG idxal edib.
Avropanın LNG idxalı keçən il 32 milyard kubmetr artıb. Bu, Avropanın Rusiyadan boru kəmərləri vasitəsilə təchiz edilən təbii qazdan struktur dəyişikliyini və mayeləşdirilmiş təbii qaza artan asılılığını əks etdirir. Avropanın LNG idxalının 50 faizdən çoxu ABŞ-nin payına düşüb.
Bildirilir ki, LNG-nin qlobal enerji sistemində və ölkələrin enerji təchizatı təhlükəsizliyində rolu getdikcə artır.
