Polşa Silahlı Qüvvələri bir neçə min ədəd “Piorun” daşınan zenit-raket kompleksi (MANPADS) əldə edəcək.
NTV xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, avqustun 24-də Skarjisko-Kamiennadakı "Mesko" müəssisəsində bununla bağlı çərçivə müqaviləsi imzalanacaq. Sənədləşmə mərasimi Baş nazirin müavini və milli müdafiə naziri Vladislav Kosiniak-Kamışın iştirakı ilə baş tutacaq. Nazirlik bəyan edib ki, müqavilə "SAFE" proqramı çərçivəsində Polşa və digər NATO ölkələrinin orduları üçün birgə satınalmaları nəzərdə tutur. Razılaşmaya əsasən, minlərlə zenit-raket kompleksi ilə yanaşı, simulyatorlar, təlim və logistika paketləri də alınacaq. Alınan "Piorun" MANPADS-larının təxminən 80%-dən çoxu birbaşa Polşa Silahlı Qüvvələrinin təminatına yönəldiləcək. Qalan 20%-lik hissə isə digər NATO ölkələrinə tədarük ediləcək.
Qeyd edək ki, avqustun 21-də Polşa Müdafiə Nazirliyi "Şərq Qalxanı" proqramı çərçivəsində ölkənin şərq sərhədlərində 1000 kilometrdən çox mənzilli raketlər yerləşdirmək planını açıqlamışdı. Bundan əvvəl isə ölkənin Baş naziri Polşanın hərbi xərclərinin əhəmiyyətli dərəcədə artırılacağını bəyan etmişdi.
