Canlı beyin toxumasında qlioblastoma hüceyrələrini izləyən alimlər onların hərəkət istiqamətlərini sürətlə dəyişdirmək qabiliyyətinə malik olduğunu müəyyən ediblər.
NTV xəbər verir ki, “Nature Communications” jurnalında dərc olunan tədqiqat Uppsala Universitetinin alimləri tərəfindən aparılıb. Tədqiqatçılar “GlioTrace” adlı yeni metod hazırlayıblar. Süni intellekt və avtomatlaşdırılmış mikroskopiya texnologiyalarını birləşdirən bu üsul minlərlə xərçəng hüceyrəsinin canlı beyin toxumasında hərəkətini izləməyə imkan verir. Bu kəşf beyin xərçənginin ən aqressiv formalarından biri olan qlioblastomanın müalicəsində qarşıya çıxan çətinlikləri daha yaxşı anlamağa imkan yaradır.
Tədqiqat çərçivəsində altı pasiyentdən götürülmüş qlioblastoma hüceyrələri siçanların beynində yetişdirilib. Daha sonra beyin toxumaları nazik dilimlərə ayrılaraq beş gün ərzində müşahidə edilib. Nəticələr göstərib ki, qlioblastoma hüceyrələri beyində eyni şəkildə yayılmır. Bəzi hüceyrələr qan damarları boyunca hərəkət edir, digərləri isə ətraf toxumalara sərbəst şəkildə yayılır. Alimlər, həmçinin eyni hüceyrənin bir neçə gün ərzində hərəkət istiqamətini və formasını dəyişə bildiyini aşkar ediblər.

Tədqiqat zamanı xərçəngə qarşı iki dərman maddəsinin şiş hüceyrələrinin hərəkətini və yayılmasını azaltdığı müəyyənləşib. Lakin dərmanların təsiri müxtəlif pasiyentlərdən əldə edilmiş şiş nümunələrində fərqli olub. Digər təcrübələr isə şüa terapiyası və kimyaterapiyanın birgə tətbiqindən sonra bəzi yüksək invaziv hüceyrələrin payının arta biləcəyini göstərib. Alimlər həmin hüceyrələrin müalicəyə davamlılığı və xəstəliyin təkrarlanmasındakı rolu ilə bağlı əlavə araşdırmalara ehtiyac olduğunu bildiriblər.
Tədqiqatçılar hesab edirlər ki, “GlioTrace” metodu şiş hüceyrələrinin davranışını, ətraf toxumalarla qarşılıqlı əlaqəsini və müalicəyə reaksiyasını daha dərindən öyrənməyə kömək edəcək. Bununla belə, yeni texnologiya hazırda yalnız laboratoriya tədqiqatlarında istifadə olunur və pasiyentlərin müalicəsi ilə bağlı klinik qərarların qəbulunda tətbiq edilmir.
