Noyabrın 19-da Bakıda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitunun birgə təşkilatçılığı, Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər yerli tərəfdaşlar ilə birgə Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans (ICCD 2026) keçiriləcək.
NTV bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, konfransın builki əsas mövzusu "Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış" olacaq.
Texnologiya, geosiyasət və beynəlxalq təhlükəsizlik sahəsində baş verən dəyişikliklərin müzakirəsi üçün yüksək səviyyəli beynəlxalq platforma rolunu oynayan ICCD 2026-da bu sahə üzrə tanınmış beynəlxalq ekspertlər, ölkədə akkreditə olunan səfirlər və diplomatlar, eləcə də aidiyyəti beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı nəzərdə tutulur.
Konfrans çərçivəsində süni intellektin beynəlxalq münasibətlər və diplomatiyaya təsiri, kibermüttəfiqliklər və strateji muxtariyyət arasında balans, iri texnologiya şirkətlərinin geosiyasi aktor kimi artan rolu, informasiya müharibəsi və "deepfake" texnologiyalarının yaratdığı təhdidlərə qarşı mübarizə, kiberməkanda etimadın formalaşdırılması və dövlətlərin məsuliyyətli davranışının təşviqi, eləcə də kritik infrastrukturun qorunması və transsərhəd təhlükəsizlik risklərinin idarə olunması kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Konfransın keçirilməsində əsas məqsəd sürətlə dəyişən texnoloji və geosiyasi mühit şəraitində kiberməkanın gələcəyinə dair regional və beynəlxalq baxışların müzakirə edilməsi, habelə dövlətlər, beynəlxalq təşkilatlar, ekspert dairələri və özəl sektor arasında əməkdaşlıq və dialoqun gücləndirilməsinə töhfə verməkdən ibarətdir.
2024-cü ildə 30-dan çox ölkədən 120-yə yaxın nümayəndənin iştirakı ilə Kiberdiplomatiya üzrə I Beynəlxalq Konfrans ölkəmizdə keçirilib.
Azərbaycanın ənənəvi olaraq belə bir nüfuzlu tədbirə ev sahibliyi etməsi ölkəmizin kiberdiplomatiya sahəsində beynəlxalq əməkdaşlıqda marağını və bu yeni sahənin inkişafı üçün platforma rolunu oynamağa hazır olduğunu nümayiş etdirir.
