Sentyabrın 11-də Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək.
Bu barədə NTV-yə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Forumda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar iştirak iştirak edəcəklər.
Forumda iki qardaş ölkənin İşçi Qruplarının iclaslarının fəaliyyətləri, karbohidrogen və neft-kimya, bərpa olunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması nəzərdə tutulur. Həmçinin, ötən illər ərzində görülən işlər, əldə olunan nailiyyətlər və qarşıda duran məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu ötən ilin sentyabr ayında Türkiyənin İzmir şəhərində baş tutub.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci Forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü Forum isə 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində keçirilib.
