Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. Bu əlamətdar günün məqsədi savadlılığın insanlar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir.
NTV UNESCO-nun saytına istinadla xəbər verir ki, builki gün “İnsanlar, planetimiz və rifahımız naminə savadlılıq” mövzusuna həsr edilib. Bu il həm də Beynəlxalq Savadlılıq Gününün təsis edilməsinin 60 illiyidir.
Savadlılıq uzun illər insanın oxumaq və yazmaq bacarığı kimi qəbul edilsə də, müasir dövrdə bu anlayış daha geniş məzmun qazanıb. Bu gün savadlı insan yalnız mətni oxuyub-yaza bilən deyil, eyni zamanda, informasiya ilə düzgün işləməyi, rəqəmsal vasitələrdən səmərəli və təhlükəsiz istifadə etməyi bacaran şəxsdir.
Azərbaycanda dövlət tərəfindən təhsil sisteminin inkişafına böyük diqqət və qayğı göstərilir, beynəlxalq standartlara uyğun islahatlar aparılır, dövlət proqramları uğurla həyata keçirilir. Ölkəmizdə savadlılıq yüz faiz təmin olunub.
2025-2026-cı tədris ilində ölkə üzrə 107 min 348 uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb edilib. Habelə 131 min 396 uşaq birinci sinfi bitirib. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarını 86 min 432 uşaq bitirib.
Ölkəmizdə 3946 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. 2025-2026-cı tədris ilində müəllim heyəti 130 mindən, şagird sayı isə 1 600 000-dən çox olub.
Ötən tədris ilində 24 ümumi təhsil müəssisəsində yeni inklüziv siniflər fəaliyyətə başlayıb və tədris ili ərzində ümumilikdə 88 məktəbdə inklüziv təhsil tətbiq olunub.
“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində 1158 məktəb üzrə 1595 qrupda 24 min 119 nəfər 3-4 yaşlı uşaq məktəbəqədər təhsilə cəlb olunub.
2025-2026-cı tədris ilində “STEAM Azərbaycan” layihəsinin əhatə dairəsi genişləndirilərək ölkə üzrə 545 ümumtəhsil müəssisəsini və ümumilikdə III-IX siniflər üzrə 303 mindən çox şagirdi əhatə edib.
“Rəqəmsal bacarıqlar” layihəsi 2025-2026-cı tədris ilində ölkə üzrə 768 ümumi təhsil müəssisəsi və 530 min şagirdi əhatə edib.
Ölkəmizdə təhsillə bağlı müxtəlif layihələr həyata keçirilir, müsabiqələr təşkil edilir. “BilBacar” müsabiqəsi kiçik yaşdan uşaqların oxuyub-anlama, təhlil və nəticə çıxarma qabiliyyətini inkişaf etdirir, texnoloji yeniliklərdən istifadə bacarıqlarını təkmilləşdirir. Bu il ölkə üzrə III və IV sinif şagirdlərinin 67 faizi müsabiqəyə qoşulub.
Azərbaycan 2018-ci ildən PISA (Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) tədqiqatında iştirak edir. PISA 2025 tədqiqatında isə əvvəlki illərdən fərqli olaraq region məktəbləri də cəlb olunub.
Beləliklə, müasir dövrdə savadlılıq insanın yalnız oxumaq və yazmaq deyil, informasiya və texnologiyalarla düzgün işləmək bacarığını da əhatə edir. Azərbaycanda həyata keçirilən təhsil layihələri bu istiqamətdə yeni imkanlar yaradaraq müasir bacarıqlara malik nəslin yetişdirilməsinə töhfə verir.
