Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yevlax şəhəri ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən NTV-yə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanacaqdoldurma məntəqəsinin ərazisində “Toyota” markalı minik avtomobilində yanğın baş verdiyi və məntəqə ərazisinə yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən məntəqənin ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları, yük hissəsinə yığılmış hər birinin tutumu 20 litr olan 8 ədəd yanacaqla dolu plastik və dəmir qab yanıb, məntəqədə bir ədəd pompanın idarəetmə lövhəsi deformasiya edib.
Yanacaqdoldurma məntəqəsi və ətraf ərazilər yanğından mühafizə olunub.
