Azərbaycanda Rəqəmsal İnkişaf Şurasının yaradılması ölkədə innovasiya və rəqəmsallaşma sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu addım Azərbaycanın innovasiya ekosisteminin inkişafı baxımından mühüm və tarixi əhəmiyyət daşıyır. Ekspert qeyd edib ki, bununla Azərbaycan dövlət səviyyəsində rəqəmsal inkişaf və innovasiyaların sistemli şəkildə həyata keçiriləcəyini nümayiş etdirir.
Bu fikirləri NTV-yə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü, İT üzrə mütəxəssis Fərid Kazımov bildirib.
“Əvvəlki mərhələdə əsas məqsəd elektron hökumətin yaradılması və dövlət idarəetməsində rəqəmsallaşmanın tətbiqi idi. Hazırda isə artıq yeni mərhələyə qədəm qoyuruq. Bu mərhələdə rəqəmsal iqtisadiyyatın formalaşdırılması, rəqəmsal bizneslərin inkişafı və onların maliyyələşdirilməsi üçün investisiya ekosisteminin yaradılması kimi məsələlər ön plana çıxır”, - deyə F.Kazımov vurğulayıb.
Ekspert bildirib ki, bu istiqamətdə vençur maliyyələşməsi mexanizmlərinin inkişafı, “fondların fondu” modelinin tətbiqi və müvafiq qanunvericilik bazasının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu addımlar innovasiya və startap mühitinin daha sistemli inkişafına şərait yaradacaq.
F.Kazımov qeyd edib ki, yaradılan yeni mexanizmlər Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyat sistemində daha iddialı və ambisiyalı mövqe tutmasına imkan verəcək.
“Bu şura sadəcə formal qurum deyil. Bu, dövlətin rəqəmsallaşma sahəsində atdığı ciddi və strateji addımdır və gələcəkdə rəqəmsal iqtisadiyyatın ölkə iqtisadiyyatında rolunun daha da artmasına xidmət edəcək”, - deyə o əlavə edib.
Ekspertin sözlərinə görə, artıq ölkədə startap ekosisteminin inkişafı üçün real imkanlar formalaşmaqdadır. Dövlətin bu sahəyə göstərdiyi diqqət və dəstək innovativ layihələrin yaranmasını və gənclərin texnoloji təşəbbüslərə daha fəal qoşulmasını təşviq edir.
“Bu gün startaplar üçün yeni imkanlar yaranır və bu sahəyə böyük dəstək veriləcək. Azərbaycanın innovasiya potensialının reallaşdırılması üçün əlverişli şərait formalaşdırılır”, - deyə F.Kazımov qeyd edib.
