satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda vaxtından əvvəl doğulan üçəm körpələrin müalicəsi uğurla başa çatıb

Naxçıvanda vaxtından əvvəl doğulan üçəm körpələrin müalicəsi uğurla başa çatıb

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə dünyaya gələn üçəm körpələrin müalicəsi uğurla başa çatıb.

Mərkəzdən NTV-yə verilən məlumata görə, Babək rayonundan müraciət edən hamilə qadın hamiləliyinin 30-cu həftəsində üçəm dünyaya gətirib. Körpələrdən ikisi oğlan, biri isə qızdır. Onlardan biri 1100, digəri 900, üçüncüsü isə 800 qram çəki ilə doğulub.

Vaxtından əvvəl doğuş səbəbindən hər üç körpədə ekstremal az doğum çəkisi, ağciyərlərin və həzm sisteminin tam yetişməməsi müşahidə olunub. Körpələr Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya Şöbəsinə yerləşdirilərək müvafiq müayinə və müalicə ilə təmin ediliblər.

Müalicə müddətində ağciyərlərin yetişməsini dəstəkləmək məqsədilə surfaktant terapiyası tətbiq olunub, tibbi göstərişlərə uyğun olaraq tənəffüs və oksigen dəstəyi göstərilib. Körpələrin vəziyyəti küvəz şəraitində, davamlı monitorinq və fərdi qulluq əsasında izlənilib.

Aparılan müalicə və intensiv qulluq nəticəsində hər üç körpənin klinik vəziyyətində stabilləşmə əldə olunub. Hazırda onların vəziyyəti kafi və stabildir.

Bu gün körpələr tibbi nəzarətin davam etdirilməsi məqsədilə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM