Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumların dayandırılmasını və dəniz təhlükəsizliyi sahəsində regional koordinasiyanın gücləndirilməsini təklif edir.
NTV xəbər verir ki, iki ölkənin xarici işlər nazirləri bu mövqeyi Lüksemburqda Avropa İttifaqının Xarici İşlər Şurasının iclasından əvvəl səsləndiriblər.
Rumıniyanın xarici işlər naziri Oana-Silviya Tsoyu ölkəsinin müstəsna iqtisadi zonasında gəmilərə birbaşa hücumlar qeydə alındığını bildirib. Nazir həmin hadisələr nəticəsində 2 nəfərin öldüyünü qeyd edib. Onun sözlərinə görə, analoji hadisələr Bolqarıstanın müstəsna iqtisadi zonasına da təsir göstərib. Rumıniya və Bolqarıstan Rusiyaya təzyiqin gücləndirilməsini, diplomatik səylərin intensivləşdirilməsini və Qara dənizdə atəşkəsin təmin olunmasını vacib hesab edir.
Bolqarıstanın xarici işlər naziri Velislava Petrova-Çamova regionda hərbi eskalasiyanın narahatlıq doğurduğunu bildirib. O, ticarət gəmilərinə hücumların dayandırılması üçün moratoriumun yalnız Rumıniya və Bolqarıstanın deyil, bütün Qara dəniz ölkələrinin maraqlarına uyğun olduğunu vurğulayıb.
Bolqarıstanlı nazirin sözlərinə görə, Sofiya və Buxarest Qara dənizdə dəniz təhlükəsizliyi mərkəzinin yaradılması üzərində birgə işləyir. Layihə çərçivəsində Rumıniyanın Konstansa və Bolqarıstanın Varna şəhərlərində 2 əməliyyat mərkəzinin qurulması nəzərdə tutulur.
Bu təşəbbüsün məqsədi ticarət gəmiçiliyinin təhlükəsizliyi üzrə məlumat mübadiləsini və regional koordinasiyanı gücləndirməkdir. Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi beynəlxalq ticarət və nəqliyyat dəhlizləri üçün də əhəmiyyət daşıyır.
