Qlobal enerji və ticarət arxitekturasının yenidən formalaşdığı, Orta Dəhlizin mühüm Şərq-Qərb bağlantısı kimi strateji əhəmiyyətinin artdığı bir vaxtda Azərbaycan-Almaniya tərəfdaşlığının enerji, infrastruktur və investisiya sahələrində inkişaf etdirilməsi xüsusi önəm daşıyır. Azərbaycan Almaniya ilə enerji əməkdaşlığını yeni mərhələyə yüksəltməyi hədəfləyir.
NTV xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Alman-Azərbaycan Əlaqələndirmə Konfransında çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, Orta Dəhlizin inkişafı onun mühüm enerji marşrutuna çevrilməsinə də təkan verir.
“Azərbaycanı Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Avropa ilə birləşdirən yaşıl enerji bağlantıları Orta Dəhlizin enerji ölçüsünü formalaşdırır. Azərbaycanın uzun illərdir Almaniyanın etibarlı neft təchizatçısıdır. 2026-cı ildən etibarən təbii qaz da enerji tərəfdaşlığının yeni istiqamətini təşkil edir. Gələcəkdə tərəfdaşlığımızı bərpaolunan enerji, enerji bağlantıları, enerji səmərəliliyi və daha geniş enerji keçidi istiqamətlərində inkişaf etdirmək əsas məqsədlərimizdəndir. Külək və Günəş enerjisi layihələri, Mərkəzi Asiyanın geniş bərpaolunan enerji resursları və strateji elektrik bağlantıları Avropanın enerji təhlükəsizliyi və enerji keçidi baxımından böyük imkanlar yaradır. Bu potensialın Avropa bazarlarına çatdırılması üçün “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi”, Mərkəzi Asiya-Azərbaycan enerji dəhlizi, eləcə də Gürcüstan və Naxçıvan vasitəsilə Türkiyə və Avropaya qərb istiqamətli bağlantılar nəzərdən keçirilir. “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi artıq texniki-iqtisadi əsaslandırmadan sonrakı mərhələyə keçib. Layihə üzrə yekun investisiya qərarının 2029-cu ildə qəbul edilməsi, mərhələli istismara verilmənin isə 2032-ci ildən başlanması nəzərdə tutulur”, – deyə nazir müavini vurğulayıb.
E.Soltanov Alman şirkətlərini oktyabrın 22-də Bakıda keçiriləcək Yaşıl Enerji Dəhlizi üzrə İnvestisiya və Tərəfdaşlıq Forumunda iştirak etməyə dəvət edib: “Almaniyanın maliyyə imkanlarını, qabaqcıl texnologiyalarını və sənaye təcrübəsini Azərbaycanın enerji potensialı, strateji coğrafi mövqeyi və inkişaf edən regional bağlantı şəbəkələri ilə birləşdirməklə güclü sinerji və daha məhsuldar, davamlı tərəfdaşlıq yarada bilərik. Mövcud imkanlar nəzərə alınaraq, Almaniya ilə enerji əməkdaşlığı üçün yeni çərçivənin formalaşdırılmasının vaxtı çatıb. Keçirilən konfrans Azərbaycan və Almaniya arasında razılaşdırılmış strateji gündəliyin konkret enerji layihələrinə, investisiyalara və yeni enerji bağlantılarına çevrilməsinə mühüm töhfə verə bilər”.
