Bu ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 446 yeni dövlət standartı qəbul edib.
NTV AZSTAND-a istinadən xəbər verir ki, dövlət standartının 56-sı qida texnologiyası və kənd təsərrüfatı, 91-i nəqliyyat, 28-i uşaq malları, 4-ü sənədləşdirmə və nəşriyyat, 16-sı energetika (istilik mübadiləsi sistemləri) və elektrotexnika, 11-i idarəetmə və keyfiyyət, 43-ü mebel, 3-ü hidravlik sistemlər və ümumi istifadə üçün komponentlər, 9-u neft-qaz, kimya və əlaqəli texnologiya, 15-i bina qurğuları, biri zərgərlik, 8-i turizm, 36-sı əməyin təhlükəsizliyi, 38-si tekstil və dəri texnologiyası, 37-si maşınqayırma, 4-ü istehlak malları, 2-si metrologiya, ölçmə sistemləri və cihazlar, 21-i texniki materiallar, 23-ü informasiya və telekommunikasiya ilə bağlı olub.
Eyni zamanda, 26 dövlət standartı üzrə dövri yoxlanılma aparılıb və ya dəyişikliklər edilib, 27 dövlət standartı isə ləğv olunub. Sahibkarların müraciəti əsasında 89 texniki şərt ekspertiza edilərək qeydiyyata alınıb.
