satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın yazılı irsinin incisi: Füzuli “Divan”ının ən qədim əlyazma nüsxəsi - FOTOLAR

Azərbaycanın yazılı irsinin incisi: Füzuli “Divan”ının ən qədim əlyazma nüsxəsi<font color=red> - FOTOLAR</font> Azərbaycanın yazılı irsinin incisi: Füzuli “Divan”ının ən qədim əlyazma nüsxəsi<font color=red> - FOTOLAR</font> Azərbaycanın yazılı irsinin incisi: Füzuli “Divan”ının ən qədim əlyazma nüsxəsi<font color=red> - FOTOLAR</font>

Azərbaycanın zəngin yazılı-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasının mühüm nümunələrindən biri də dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Divan”ının nadir əlyazma nüsxəsidir. Şairin Azərbaycan türkcəsində qələmə aldığı şeirlər toplusunun qədim əlyazma nüsxəsi 2017-ci ildə UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil edilib.

NTV xəbər verir ki, bu barədə “Azərbaycan irsi UNESCO siyahılarında” nəşrində məlumat verilir.

Məhəmməd Füzuli (1494–1556) Azərbaycan və ümumilikdə türk-İslam mədəniyyətinin ən görkəmli nümayəndələrindən, klassik Şərq poeziyasının qüdrətli söz ustadlarından biridir. Onun yaradıcılığı əsrlər boyu Azərbaycan ədəbiyyatının inkişafına, Şərq poetik düşüncəsinə və bədii-estetik dünyagörüşünə mühüm təsir göstərib. Şair insanın daxili aləmini, məhəbbətini, iztirablarını və mənəvi dəyərlərini yüksək poetik-fəlsəfi səviyyədə ifadə edərək dünya ədəbiyyatında özünəməxsus yer tutub. Füzulinin Azərbaycan türkcəsində yazdığı “Divan”ı milli ədəbiyyatımızın ən qiymətli nümunələrindən olmaqla yanaşı, bütövlükdə Şərq poeziyasının mühüm ədəbi abidələrindən hesab edilir. Əsərdə insan sevgisi, ilahi eşq, humanizm, mənəvi saflıq və bəşəri dəyərlər dərin bədii-fəlsəfi məzmunla əksini tapıb.

UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil edilən əlyazma Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda M-236 şifrəsi ilə mühafizə olunur. Əlyazmanın sonunda yer alan qeydlərə əsasən, onun köçürülməsinə 1569-cu ildə başlanılıb, 1572-ci ildə isə Mahmud ibn Davud Ulunyavi (ədəbi təxəllüsü Səidi) tərəfindən tamamlanıb. Bu tarix əlyazmanın Füzulinin vəfatından cəmi 16 il sonra köçürüldüyünü göstərir. Buna görə də həmin nüsxə şairin dövrünə ən yaxın və ən qədim əlyazma nümunələrindən biri kimi xüsusi elmi əhəmiyyət daşıyır. 71 vərəqdən ibarət olan əlyazma 27x15 santimetr ölçüdə qalın, sarımtıl kağız üzərində nəstəliq xətti ilə yazılıb. Mətnin qızıl çərçivə ilə haşiyələnməsi onun bədii tərtibatına xüsusi zəriflik və dəyər qazandırır. “Divan”da şairin müxtəlif poetik janrlarda qələmə aldığı əsərlər toplanıb. Buraya 295 qəzəl, 41 qitə, 2 müsəddəs, 5 müxəmməs, 3 mürəbbə və 75 rübai daxildir. Bu zəngin poetik külliyyat Füzulinin yaradıcılıq diapazonunu, lirik düşüncəsinin dərinliyini və söz sənətindəki ustalığını nümayiş etdirir. Kərbəlada yaşamış və əsərlərinin böyük hissəsini burada qələmə almış Füzulinin “Divan”ı Azərbaycan, Osmanlı və Orta Asiya ədəbi mühitində yeni poetik ənənənin formalaşmasına əhəmiyyətli təsir göstərib. Onun yaradıcılığının təsir dairəsi müxtəlif dövrlərdə Məsihi, Qövsi Təbrizi, Seyid Əzim Şirvani, Baqi, Namiq Kamal, Ziya Paşa, Məşrəb, Munis Xarəzmi və Əgahinin yaradıcılığında da özünü göstərib. XIX əsrdə “Divan”ın Təbriz, İstanbul, Qahirə, Xivə və Daşkənddə nəşr olunması əsərin geniş coğrafiyada yayıldığını və böyük oxucu marağı qazandığını təsdiqləyir.

Əlyazmanın beynəlxalq əhəmiyyəti onun yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə türk-İslam mədəniyyətinin mühüm yazılı abidəsi olmasından irəli gəlir. Nüsxə Azərbaycan türkcəsində klassik poeziyanın inkişaf tarixini öyrənmək, Füzulinin poetik irsinin ilkin mətn xüsusiyyətlərini araşdırmaq baxımından əvəzsiz mənbədir. Eyni zamanda, əsərdə ifadə olunan humanizm, mənəvi dəyərlər və bəşəri məhəbbət ideyaları onun ümumdünya mədəni irsi üçün əhəmiyyətini artırır. Hazırda əlyazma Əlyazmalar İnstitutunda mühafizə olunur. İnstitutda nadir yazılı abidələrin qorunması üçün müvafiq mühafizə şəraiti yaradılıb, əlyazma elmi tədqiqatlar üçün əlçatan saxlanılır.

Məhəmməd Füzulinin “Divan” əlyazmasının UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil edilməsi Azərbaycan xalqının zəngin yazılı irsinin beynəlxalq miqyasda tanıdılması baxımından mühüm hadisədir. Bu, eyni zamanda, klassik ədəbiyyatımızın dünya mədəniyyətinə verdiyi töhfənin, Füzuli yaradıcılığının zaman və məkan sərhədlərini aşan bəşəri dəyərinin göstəricisidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM