ABŞ-də yüksək inflyasiyanın ev təsərrüfatlarının büdcəsinə təzyiq göstərməsinə baxmayaraq, istehlak xərcləri artmaqda davam edir. Noyabr və dekabr aylarını əhatə edən bayram mövsümündə pərakəndə satışların bu il ötən illə müqayisədə 4,2 faiz artaraq 1 trilyon 13 milyard dollara çatacağı proqnozlaşdırılır.
NTV xəbər verir ki, ABŞ-də noyabr ayının dördüncü cümə axşamı qeyd olunan Şükranlıq Günü ilə başlayan və “Qara Cümə” (Black Friday), Kiçik Biznes Şənbəsi (Small Business Saturday), eləcə də “Kiber Bazar ertəsi” (Cyber Monday) kimi genişmiqyaslı endirim kampaniyaları ilə davam edən dövr Milad bayramı və dekabrın 31-də qeyd olunan Yeni il gecəsi ilə başa çatır. Bu müddət istehlak xərclərinin və pərakəndə satışların ən yüksək səviyyəyə çatdığı dövrlərdən biri hesab olunur. ABŞ-də “bayram mövsümü” adlandırılan bu dövr pərakəndə ticarət sektorunun fəaliyyətinə birbaşa təsir göstərməklə yanaşı, amerikalıların istehlak meyilləri və iqtisadi vəziyyəti barədə də mühüm göstəricilər təqdim edir.
ABŞ Milli Pərakəndə Ticarət Federasiyasının (NRF) məlumatına görə, noyabr və dekabr aylarını əhatə edən dövrdə pərakəndə satışların ötən illə müqayisədə 4,2 faiz artacağı gözlənilir. Proqnozlara əsasən, bu müddətdə ümumi istehlak xərcləri 1 trilyon 13 milyard dollara çatacaq.
Qeyd edək ki, 2025-ci ildə bayram mövsümündə xərclər əvvəlki illə müqayisədə 3,1 faiz artaraq 972,3 milyard dollar təşkil edib.
“Oxford Economics” şirkətinin qiymətləndirməsinə görə, bayram dövründə pərakəndə satışlar nominal ifadədə 4,2 faiz, inflyasiya nəzərə alınmaqla real həcmdə isə 2,2 faiz artacaq.
İqtisadçılar hesab edirlər ki, istehlakçılar bu il büdcələrini nəzərə almaqla yanaşı, bayram mövsümündə xərcləmələrini davam etdirəcəklər. Bununla belə, inflyasiyanın yüksək səviyyədə qalması, yanacağın qiymətinin artması və ev təsərrüfatlarının büdcəsinə təzyiqlər müxtəlif gəlir qruplarının istehlak davranışlarında fərqlərə səbəb ola bilər.
İnflyasiya əhalinin real sərəncamında qalan gəlirlərinin artımını məhdudlaşdırdığı halda, dizel yanacağının bahalaşması daşınma xərclərini artırır. ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz artımları isə alış-veriş zamanı kredit kartlarından istifadə etməyi planlaşdıran istehlakçılar üçün borclanma xərclərini yüksəldir.
Şükranlıq Günü həftəsonu 182 milyondan çox insanın alış-veriş edəcəyi gözlənilir
Bu il Şükranlıq Günü ilə əlaqədar həftəsonu 182,7 milyon istehlakçının alış-veriş edəcəyi proqnozlaşdırılır. Ötən il həmin dövrdə 186,9 milyon nəfər alış-veriş edib. Bu il göstəricidə cüzi azalma gözlənilsə də, son illərdə müşahidə olunan yüksək istehlak fəallığının davam edəcəyi bildirilir. Bununla yanaşı, istehlakçılar bayram alış-verişinə daha erkən başlamaq meylini də qoruyurlar. COVID-19 pandemiyasından əvvəl noyabrın əvvəlində bayram alış-verişinə başlayanların payı 56 faiz olduğu halda, bu il həmin göstərici 60 faizə yüksəlib.
“Qara Cümə” Şükranlıq Günü həftəsonunda alış-veriş üçün ən çox seçilən gün olaraq qalır. İstehlakçıların 69 faizinin həmin gün alış-veriş etməyi planlaşdırdığı bildirilir. Təxminən 126 milyon nəfərin alış-veriş edəcəyi gözlənilən bu gündə istehlakçıların 67 faizi mağazalardan, 89 faizi isə internet üzərindən alış-veriş etməyi nəzərdə tutur. Bayram mövsümündə gözlənilən tələbatı qarşılamaq məqsədilə pərakəndə ticarət sektorunda 325 min-375 min nəfər arasında mövsümi işçinin işə cəlb olunacağı proqnozlaşdırılır.
Bu mövsümdə alış-veriş etməyi planlaşdıran istehlakçıların 59 faizinin alış-veriş prosesini asanlaşdırmaq üçün süni intellektdən istifadə edəcəyi gözlənilir. Süni intellektin ən geniş yayılmış tətbiq sahələri sırasında məhsul tövsiyələrinin alınması, hədiyyə ideyalarının müəyyənləşdirilməsi, hədiyyə siyahılarının hazırlanması, büdcəyə nəzarət və müxtəlif pərakəndə satış platformalarında qiymətlərin müqayisəsi yer alır. İstehlakçıların 82 faizi isə bayram mövsümündə xərclərini nəzarətdə saxlamaq üçün müxtəlif tədbirlər görməyi planlaşdırır. Bu tədbirlər arasında daha münasib qiymətli hədiyyələrin alınması, digər istiqamətlər üzrə xərclərin azaldılması, daha az sayda insana hədiyyə verilməsi və alış-verişin əsas hissəsinin Şükranlıq Günü həftəsonuna saxlanılması var. Bu dövrdə istehlakçıların ən çox üstünlük verdiyi hədiyyələr sırasında geyim və aksesuarlar, hədiyyə kartları və oyuncaqlar yer alır.
Amerika Fermerçilik Büroları Federasiyasının (AFBF) Şükranlıq Günü süfrəsinin dəyəri ilə bağlı araşdırmasına əsasən, bu il 10 nəfərlik ənənəvi bayram yeməyinin orta qiyməti 58,63 dollara yüksəlib. Bu, ötən illə müqayisədə 6 faiz artım deməkdir. Beləliklə, bir nəfər üçün yeməyin orta qiyməti təxminən 5,86 dollar təşkil edir. Bununla belə, builki artıma baxmayaraq, Şükranlıq Günü süfrəsinin dəyəri 2022-ci ildə qeydə alınmış rekord göstəricidən 8 faizdən çox aşağıdır. Qiymət artımı əsasən hinduşka əti, süd, çörək və zoğal kimi bayram süfrəsinin əsas ərzaq məhsullarının bahalaşması ilə əlaqələndirilir.
