satellite   Azerspace-1: 11135 H 30000

“Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub

“Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub

AMEA Folklor İnstitutunda Qərbi Azərbaycan folklorunun toplanması, sistemləşdirilməsi və elmi dövriyyəyə daxil edilməsi istiqamətində aparılan tədqiqatların davamı olaraq “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr edilib.

İnstitutdan NTV-yə bildirilib ki, nəşrin layihə rəhbəri filologiya elmləri doktoru, dosent Hikmət Quliyev, toplayıcıları, tərtibçiləri və “Ön söz”ün müəllifləri - filologiya üzrə fəlsəfə doktorları, dosentlər Atəş Əhmədli, Elçin Abbasov və Dadaş Əliyevdir. Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlidir.

Nəşrdə 1948–1953-cü illərdə və 1988-ci ildə baş vermiş deportasiyalardan sonra Göyçay və İsmayıllı rayonlarında məskunlaşmış Qərbi azərbaycanlılardan toplanan folklor nümunələri və etnoqrafik məlumatlar yer alıb. Materiallar xalqın tarixi yaddaşını, şifahi ənənələrini, dil xüsusiyyətlərini və məişət mədəniyyətini öyrənmək baxımından əhəmiyyət daşıyır.

Kitabın “Ön söz”ündə Qərbi Azərbaycan folkloru xalqın tarixi təcrübəsini, dünyagörüşünü, etnopsixoloji xüsusiyyətlərini, adət-ənənələrini və inanclarını əks etdirən mühüm mənbə kimi səciyyələndirilir. Deportasiya nəticəsində doğma yurdlarından ayrılmış ailələrin xatirələri, köçürülmə prosesinin yaratdığı çətinliklər və yeni yaşayış məskənlərində qarşılaşdıqları problemlər də nəşrdə diqqət mərkəzində saxlanılır. Şifahi xatirələr və nəsildən-nəslə ötürülən məlumatlar vasitəsilə fərdi həyat hekayələri ilə xalqın kollektiv yaddaşı arasında əlaqə üzə çıxarılır.

Çoxcildliyin VI cildi folklor janrlarının zənginliyi ilə seçilir. Burada əfsanə və rəvayətlər, nağıllar, alqışlar, qarğışlar, andlar, atalar sözləri, məsəllər, deyimlər, öyüdlər, inanclar, tapmacalar, nazlamalar, uşaq düzgüləri, şəbədələr və lətifələr təqdim olunur. Eyni zamanda, Göyçə mahalının xalq təbabəti, etnoqrafik bilgilər, xatirələr və təəssüratlar, payız söyləmələri, Göyçə bayatıları, müxtəlif hadisə və əhvalatlarla bağlı folklor materialları da nəşrdə əksini tapıb.

Kitabda Qərbi Azərbaycan aşıq sənəti və el şairlərinin yaradıcılığına da geniş yer verilib. Təqdim olunan nümunələr fərdi yaradıcılıqla kollektiv folklor ənənəsinin qarşılıqlı əlaqəsini, yurd həsrətinin bədii ifadəsini və aşıq-poetik irsin yaşadılmasını izləməyə imkan yaradır.

Nəşrin ayrıca bölməsi Qərbi Azərbaycan mətbəxinə həsr olunub. “Milli mətbəx” bölməsində Göyçə, Dərələyəz, Zəngibasar və İrəvan mətbəxlərinə aid yeməklər, onların hazırlanma xüsusiyyətləri, eləcə də məişətdə istifadə olunan alət və məmulatlar haqqında məlumat verilir. Əvəlikli yeməklər, Göyçə kətəsi, xəşil, qaşıq xəngəli, qovurma, şilə və qeysəfə kimi nümunələr bölgənin kulinariya ənənələrinin öyrənilməsi baxımından əhəmiyyətlidir. Bu materiallar milli mətbəxin yalnız qidalanma mədəniyyətini deyil, həm də məişət təcrübəsini, yerli bilikləri və mədəni irsin nəsillər arasında ötürülməsini əks etdirir.

Kitabın elmi əhəmiyyətini artıran cəhətlərdən biri folklor mətnlərinin mənbələri barədə məlumatların sistemli şəkildə təqdim edilməsidir. Mətnlərin sonunda verilən kodlar söyləyicilər və toplayıcılar haqqında məlumatlarla əlaqələndirilir. Bölgəyə məxsus söz və ifadələrin izahı üçün dialektoloji sözlük, mətnlərdə rəqəmlərlə işarələnmiş anlayışların açıqlanması üçün isə “Aydınlatmalar” bölməsi hazırlanıb. Söyləyicilər və toplayıcılar haqqında məlumatların, eləcə də fotoşəkillərin kitabın sonunda verilməsi folklor materiallarının sənədləşdirilməsi baxımından əhəmiyyət daşıyır.

“Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi folklorşünaslıq, etnoqrafiya, dialektologiya, aşıq yaradıcılığı və milli mətbəx tarixi üzrə araşdırmalar üçün dəyərli mənbədir. Nəşr Qərbi Azərbaycan folklorunun janr zənginliyini, regional xüsusiyyətlərini və tarixi yaddaşla əlaqəsini üzə çıxarmaqla yanaşı, şifahi mədəni irsin toplanması, qorunması və gələcək nəsillərə çatdırılması baxımından da mühüm elmi və mədəni əhəmiyyət kəsb edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM