Azərbaycanda ali təhsil müəssisələrinə əcnəbi tələbə qəbulu başa çatıb. 2026–2027-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) əcnəbi tələbə qəbulu üzrə tarixinin ən yüksək nəticəsinə imza atıb.
UNEC-dən NTV-yə bildirilib ki, qəbul olan əcnəbi tələbələrin sayı 431 nəfərə yüksələrək 157,3 faiz artıb. Təhsil almaq üçün müraciət edənlərin sayı ötən illə müqayisədə 161,3 faiz artıb. Müraciət edənlərin isə 60,2 faizi qəbul edilib.
Qəbul göstəricilərindəki artım təhsilin hər iki səviyyəsində müşahidə edilib. Belə ki, bakalavriatura üzrə əcnəbi tələbə qəbulu 51,7 faiz, magistratura üzrə isə 92,3 faiz artıb.
UNEC-in beynəlxalq tələbə coğrafiyası da genişlənib. Ötən illə müqayisədə UNEC-də təhsil alan əcnəbi tələbələrin mənsub olduqları ölkələrin sayı 25 faiz artaraq 30-a yüksəlib.
Qəbul olunan tələbələrin 50,3 faizini qızlar, 49,7 faizini oğlanlar təşkil edir.
Tələbələr UNEC-də Azərbaycan, türk, ingilis və rus dillərində təhsil alacaqlar.
Əcnəbi tələbələrin ixtisas seçimində ən yüksək artım MBA proqramı üzrə qeydə alınıb, qəbul 2,8 dəfə yüksəlib. Maliyyə ixtisasına qəbul 2,3 dəfə, biznesin idarə edilməsinə 2,1 dəfə, informasiya təhlükəsizliyi ixtisasına isə 1,7 dəfə artıb.
